Rəşad Abdullayev: Əsas yaxşı oynamaqdır, mükafat özü gələcək
26.10.2011 - 23:01
Rəşad Abdullayev: Əsas yaxşı oynamaqdır, mükafat özü gələcək
“Sentyabrın ən yaxşı futbolçusu seçilməyindən xəbərim var”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Rəşad Abdullayev deyib.

Təcrübəli yarımmüdafiəçi Premyer Liqada çıxış edən klubların baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri arasında keçirilmiş sorğunun nəticəsinə əsasən sentyabrın ən yaxşı futbolçusu seçilib.

Saytımız da Rəşadı haqlı olaraq 1-ci göstərib və futbolçu ona səs verənlərə təşəkkürlərini çatdırıb: “Ən yaxşı olmağım təkcə mənim yox, klubumuzda hamının – rəhbərliyin, məşqçilərin və futbolçuların da əməyidir. Sözsüz ki, buna görə çox şadam. Mənə səs verib, ən yaxşı seçənlərin hamısına dərin minnətdarlığımı bildirəm. Mən də bir futbolçu kimi meydanda öz oyunumla seçilmişəm. Çox şadam ki, çıxışıma yüksək qiymət vermisiniz. Bu, məni sevindirir. Ən yaxşı olmağı gözləməyimə gəlincə, əvvəllər bu nominasiyanı elə də izləmirdim. Ancaq bir çox futbolçuların, o cümlədən “Neftçi”dəki bir sıra komanda yoldaşlarımın ən yaxşı seçilməyi məni də maraqlandırdı. Artıq mən də buna layiq görülmüşəm və bu, mənim üçün xoşdur”.

Rəşad ona göstərilən diqqətdən ruhlandığını deyir: “Məni ayın ən yaxşı futbolçusu seçiblərsə, bunu öz oyunumla qazanmışam. Bu, məni daha da yaxşı çıxış etməyə daha da ruhlandıracaq. Həm də ilk dəfə ən yaxşı futbolçu seçilməyim mənim üçün ikiqat sevinclidir. Bundan sonra da meydanda öz işimi ən yaxşı şəkildə görməyə, komandama kömək etməyə və yenidən ən yaxşı seçilməyə çalışacağam. Mən qazandığım bütün nailiyyətlərə böyük önəm verirəm və bu, mükafatın da öz yeri var. Ümumiyyətlə, karyeramdakı uğurlar məni daha da yaxşı oynamağı təkan verir. Əsas yaxşı oynamaqdır, mükafat özü gələcək, yerini tapacaq”.

Qeyd edək ki, Abdullayev əvvəlki qaliblər kimi təşkilatçılardan 1111 manat məbləğində rəmzi pul mükafatı alacaq. 30 yaşlı futbolçu bunu dostları ilə birgə xərcləyəcəyini, onlarla oturub, bu əlamətdar hadisəni qeyd edəcəklərini bildirib.

Mehman SÜLEYMANOV