“Foqts mənə “aydındır” deyib, arxasını çevirdi” – MÜSAHİBƏ
26.10.2011 - 23:02
“Foqts mənə “aydındır” deyib, arxasını çevirdi” – MÜSAHİBƏ
Azərbaycan millisinin və AZAL klubunun hücumçusu Elşən Məmmədovun apasport.az saytına müsahibəsi

- Millinin baş məşqçisi Berti Foqts Türkiyə ilə matçın ikinci hissəsində sizi meydana buraxsa da, sonradan yenə əvəzlədi. O, sizə nə tapşırmışdı, konkret nədən narazı qaldı?
- Birinci hissənin sonunda köməkçi məşqçilərdən biri mənə yaxınlaşdı ki, get hazırlaş, oyuna çıxacaqsan. Həmişə olduğu kimi, Foqtsun tərcüməçisi məni meydançaya çıxmazdan öncə təlimatlandırdı. Məni hali etdi ki, hansı mövqedə, kimə qarşı oynamaq lazımdır. Hakan Baltaya qarşı oynamalı idim. Foqts tapşırmışdı ki, onun hücuma qatılıb ötürmələr etməsinə imkan verməyim. İmkan olanda isə hücuma qoşulmağımı tapşırdı. Mən də çıxıb onun dediklərini etdim. Amma 86-cı dəqiqədə məni dəyişdi. Mənim oyunda heç bir ciddi səhvim olmamışdı.

- Oyundan sonra baş məşqçi ilə bu barədə nəsə söhbətiniz oldumu?
- Mənə yaxınlaşıb soruşdu ki, sənə nə tapşırıq verilmişdi? Mən də aldığım tapşırıqları sadaladım. Foqts mənə “aydındır” deyib, arxasını çevirdi.

- Yəqin ki, bu hadisə sizin üçün elə də xoş məqam deyil...
- Sözsüz ki. Amma milli komandada 1 dəqiqə oynamaqla belə, fəxr edirəm. Millidə oynamaq hər kəsin arzusudur. Amma bunu istənilən halda, qəbul etmək mənim üçün ağırdır. Bu, fikrimcə, hər kəsə pis təsir edər. Məncə, oyun ərzində ciddi bir səhvim də olmamışdı. Yalnız 1 top itkisinə yol verdiyim yadımdadır. Həmin səhvdən sonra qapımız önündə təhlükəli vəziyyət yaransa da, qol olmadı. Bəlkə də, oyun ərzində komanda yoldaşlarımdan bir neçəsi də oyun ərzində bu cür səhvlərə yol vermişdilər. Yəni biz futbolçuyuq. Əgər meydana çıxıb məhsuldar ötürmə verib, qol vururuqsa, deməli, səhv də edə bilərik. Heç kim bundan sığortalanmayıb. Sadəcə, məni niyə dəyişdi, bir az qaranlıq qaldı. Əgər səhvimdən qol vurulsaydı, oyuna uyğunlaşa bilməsəydim, bu barədə heç danışmazdım da. Lakin nə tapşırıq verilmişdisə, mən də onu yerinə yetirməyə çalışdım.

- Bu hadisədən sonra Foqtsa münasibətiniz dəyişibmi?
- Yox. Aramızda normal, futbolçu-məşqçi əlaqəsi var. Hər şey normaldır. Bəlkə də çıxış yolunu məni əvəzləməkdə görüb. İnanmıram ki, mənə qarşı nəsə qərəzli mövqe tutsun. Foqts məni qəsdən oyuna salıb, daha sonra çıxarmaz. Əgər Foqts mənə qarşı qərəzli olsa, heç məni ümumiyyətlə milli komandaya çağırmaz.

- Həmin ərəfədə yığmadan imtina qərarları bir-birini əvəzləyirdi. Bu anlarda sizin də ürəyinizdən belə bir addım atmaq keçmədi ki?
- Biz milli komandada xalq üçün, azarkeş üçün oynayırıq. Mən belə hadisəyə görə, heç vaxt milli komandada oynamaqdan imtina etmərəm. Belə neqativ hal 10 dəfə təkrarlansa belə, millidən üz döndərmərəm. 13 illik peşəkar karyeram ərzində başıma o qədər işlər gəlib ki... Həmin hadisələri müzakirə etməkdənsə, irəli baxmaq, daha yaxşı oynamaq lazımdır.

- Bəs millidən üz döndərənlərin qərarına necə şərh verə bilərsiniz?
- Mən indiki vəziyyətdə kiməsə yol göstərə bilmərəm. Sadəcə, hərənin öz baxış bucağı var. Kimi çıxış yolunu millidən imtinada, kimi də başqa bir məqamda görür. Mən çıxış yolunu imtina deyil, daha yaxşı oynamaqda görürəm. Mənim silahım vurduğum qollar, məhsuldar ötürmələrim və əzmkarlığımdır. Başqa silahım yoxdur.

- AZAL-da işlər qaydasında deyil. Son oyunda qol vursanız da, bu qələbə üçün yetərli olmadı...
- Bilirsiniz necədir, deyim ki, komandada ab-hava pisdir, yalan olar. Komandada mehribançılıq var, hər şey qaydasındadır. Kollektivdə səviyyəli futbolçular da az deyil. Rəhbərlikdən də yaxşı münasibət görürük. Lakin təəssüf ki, 7 oyundur ki, qələbə qazana bilmirik. AZAL-ın uğursuzluğunu bəxtsizliklə əlaqələndirirlər. Mən komandanın içində olan bir şəxs kimi deməliyəm ki, biz heç də pis oynamırıq. Lakin alınmır.

- Amma etiraf edək ki, ciddi problem olmasa, komanda bu qədər oyunu uduzmaz...
- Ola bilsin ki, mövqelərdə problem var. Konkret hədəf seçib deyə bilmərəm ki, məhz burada çatışmazlıq var. Bu, mənim özümə də sirdir. “Rəvan”la oyunda zədəlilər geri dönsə də, bunun da bir xeyiri olmadı.

- Son məğlubiyyətlərdən sonra rəhbərliyin komandaya münasibəti dəyişməyib ki?
- Yox. Münasibət normaldır. Amma son məğlubiyyət onlara da pis təsir göstərmişdi. Bu günə kimi hər hansı bir iclas olmayıb, yəqin ki, qarşıdakı günlərdə bu məsələ müzakirəyə çıxarılacaq.

- Komandanın problemi baş məşqçi Elxan Abdullayev deyil ki?
- Belə düşünmürəm. Uğursuzluqda hamı günahkardır.