Mehman Allahverdiyev: Mən iddialı danışmalıyam - MÜSAHİBƏ
27.10.2011 - 16:39
Mehman Allahverdiyev: Mən iddialı danışmalıyam - MÜSAHİBƏ
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyevin apasport.az saytına müsahibəsi

- Uzun illərdir milli çempionatın iştirakçısı olsanız da, “Xəzər Lənkəran”la ilk dəfə görüşəcəksiniz. Bu mənada Lənkərandakı oyun öncəsi fikirləriniz maraqlıdır...
- Mən işlədiyim vaxtda “Xəzər Lənkəran” çempionatda çıxış etmirdi. Bu komanda yarananda isə mən işləmirdim və oyununu kənarda izləmişəm. Ötən mövsüm komandanın baş məşqçisi postuna keçdiyim zaman 2-ci “altılıq”da çıxış etdiyimizdən, “Xəzər Lənkəran”a ancaq indi rəqib oluram. Rəqibimiz Azərbaycanda ən güclü klublardan biridir. Ancaq biz səfərə nəticə dalınca gedirik. İstəyirik ki, Lənkəranda qalib gələk. Bilirik, ağır oyun olacaq. “Xəzər Lənkəran” hazırda çempionatın lideridir. Ancaq istənilən halda, bu rəqibə qarşı elə ilk oyunumda qalib gəlmək istəyirəm. Əsas məqsədimiz “altılığ”a düşməkdir və bu mənada əsas rəqiblərimizlə oyunlarda xal qazanmağımız lazımdır. Buna nail olmaq asan olmayacaq. Bir neçə itkilərimiz var.

- Konkret kimlərdir?
- Qapıçımız Elşən Poladovun xeyli müddətdir zədəli olduğunu bilirsiniz. Kamerunlu futbolçumuz Armand Feutçin, Renat Sultanov, Asəf Qədiri də zədəlidir.

- Son 2 futbolçu daha çox ehtiyatda qalır, Armand isə ötən turda “Neftçi” ilə oyuna çıxmışdı...
- O, həmin oyunda zədələndiyi üçün ilk hissədə əvəzləndi. Digərlərinə gəlincə, bizdə hamı əsas heyət oyunçusu sayılır. Biz start heyətində dəyişiklik edirik və başqaları da oynayır.

- Deməli, adını çəkdiyiniz 4 futbolçu Lənkərana aparılmır.
- Bəli.

- Qələbəyə iddialı olduğunuzu dediniz. Ancaq onu da yaxşı bilirsiniz ki, Lənkəranda qalib gəlmək çox çətindir.
- Mən iddialı danışmalıyam. Ona görə ki, baş məşqçiyəm və futbolçular da dediklərimdən qələbəyə daha da ruhlanmalıdırlar. “Neftçi” ilə oyun öncəsi də qələbəyə iddialı idim. Düzdür, həmin oyunda 1:1 hesablı bərabərliyə qaldıq. Ancaq hər halda, bizimlə “Neftçi”nin heyətində, maddi vəziyyətində fərqləri nəzərə almalıyıq. Həmin görüşdə hər 2 komanda qalib gələ bilərdi. Bizdə türkiyəli müdafiəçi Muammer Erdoğdu 1-2 metrdən qapıya düşə bilmədi. Hücumçumuz Sabir Allahquliyevin də qol vurmaq üçün real imkanı oldu. Ancaq əfsuslar olsun ki, bunu dəyərləndirə bilmədilər. Düzdür, “Neftçi” də qələbə topunu vura bilərdi, Rəşad Abdullayev qapıçı ilə təkbətək vəziyyətdən istifadə edə bilmədi. Bilirsiniz, mən AZAL, “Bakı” ilə oyunlarda da qələbəyə iddialı idim. Paytaxta qələbə üçün gəlmişdik və buna 3:0-la nail olduq. Məgər mən indi qələbəyə iddialı olmamalıyam?

- Lənkəranlı azarkeşlərin doğma komandalarına güclü dəstək verməsi rəqiblər üçün çətin anlar yaşadır. Belə atmosferdə oyuna çıxacaq komandanızı ilk növbədə psixoloji planda necə hazırlamaq fikrindəsiniz?
- Gəncədə də belə oyunlar olur. Bizim üçün fərq eləmir ki, Gəncədə, Lənkəranda oynayırıq, yaxud başqa yerdə. Öz məqsədimiz var və rəqiblərimizdən xal baxımından geri qalmamağa çalışırıq. Bir də ki, qələbə qazanmağı kim istəmir? Hətta son pillədə gedən “Sumqayıt Şəhər” də meydana qalib gəlmək üçün çıxır.

- Aparıcı futbolçularınızdan olan Ceyhun Sultanov uzun illər “Xəzər Lənkəran”da oynayıb. Sizcə, indi ona yaxşı tanıdığı publika qarşısında oynamaq çətin olmayacaq ki? Ümumiyyətlə, komandanızda rəqibi ən yaxşı tanıyan futbolçu kimi daha çox Ceyhuna güvənirsiniz?
- Mən təkcə Ceyhuna, komandamızda bütün futbolçulara güvənirəm. Yetirmələrimə inamım böyükdür. Ceyhun artıq 2 ildir “Xəzər Lənkəran”da deyil...

- Ancaq ötən mövsüm zədəli olduğundan, “Xəzər Lənkəran”la səfər oyunundan kənarda qaldı...
- Hər halda, bu müddətdə “Xəzər Lənkəran”ın heyətində nə qədər dəyişiklər olub. Komandamızın Lənkəranda qalib gələcəyinə inanıram. Biz əzmkar oyunumuzu göstərsək, buna nail ola bilərik. “İnter”lə səfər matçında da qalib gələ bilərdik, ancaq 0:0 oynadıq.

- “Xəzər Lənkəran”ın əsas qapıçısı Kamran Ağayev ötən tur “Bakı” ilə oyunda buraxdığı kobud səhvdən sonra kapitanlıq əlindən alındı. O, böyük ehtimalla sabah sizə qarşı oynamayacaq. Kamranın yoxluğunu komandanız üçün üstünlük sayırsınız?
- Bu, bizim üçün yaxşı da ola bilər, pis də. Adətən ehtiyat qapıçı əsas heyətdə meydana çıxanda özünü yaxşı tərəfdən göstərmək istəyir. Çünki bu, onun üçün əsas heyətdə möhkəmlənmək baxımından yaxşı bir şansdır. Onun yaxşı oyunu rəqib üçün çətinlik yarada bilər. Ancaq elə də olur ki, ehtiyat qapıçı zəif çıxış edir. Bunun necə olacağını oyun göstərəcək.

- Ümumiyyətlə, təcrübəli mütəxəssis kimi Ağayevdən belə səhv, zəif oyun gözləyirdiniz?
- Tək Kamranı günahlandırmaq düzgün olmazdı. Hamı səhv edir. Dünya futbolunda qapıçılar o qədər səhv edib ki. Hakimlərimiz də səhv edəndə, deyirlər ki, onlar robot deyil. Muammer topu yaxın məsafədən göyə vurdu. İndi biz onu ağır cəzalandırmalıyıq? Bu, futboldur, hər şey olur. Sadəcə, hücumçular səhv edəndə, buna o qədər önəm vermirlər. Ancaq qapıçı ilə müdafiə səhv edəndə, bu, gözə tez girir. Mən Kamrandan elə səhv gözləmirdim də. Ancaq o, bunu qəsdən etməyib ki? Futbolda belə səhvlər olur.

- Sizin qapıçınız belə səhv etsəydi, nə edərdiniz?
- Ola bilərdi ki, daha sərt qərar çıxarardım. Yaxud onu bağışlayıb, cəzalandırmaya da bilərdim. Futbolda hamının səhv etdiyini nəzərə almaq lazımdır.

- Artıq ilk dövrə bitir. İlk dövrədə komandanızın çıxışını qənaətbəxş sayırsınız?
- Ən mənfi cəhətimiz odur ki, çox top buraxırıq və bir də aşağı pillələrdə gedən komandalarla oyunlarda daha çox xal itiririk. İddialı komandalarla oyunlarda daha yaxşı təsir bağışlamışıq.

- Sizcə, bunun səbəbləri nədir?
- Yeni komanda formalaşdırırıq və sabit çıxış etməyə çalışmalıyıq.

- Ən çox qol buraxan komandasınız. Bunu nə ilə əlaqələndirmək olar?
- Müdafiə xəttində buraxılan səhvlər qapımıza çox qolla nəticələnir. Əvvəl çox qol buraxırdıq, ancaq son oyunlarda sayı azaltmışıq.

- Ancaq çox qol vurduğunuzu da nəzərə almalıyıq...
- Elədir. Bu siyahıda yalnız elə “Xəzər Lənkəran”dan 1 top geri qalırıq. Rəqibimiz 16, biz 15 dəfə fərqlənmişik. Hər oyunda meydana qələbə üçün çıxırıq. Bunun üçün isə qol vurmaq lazımdır. 1 hücumçu ilə oynayıb, bu qədər qol vurduğumuzu nəzərə alsaq, bu, yaxşı haldır.

Mehman SÜLEYMANOV