Ceyhun Sultanov: Lənkəranda oynamaq özümə ləzzət elədi
29.10.2011 - 11:24
Ceyhun Sultanov: Lənkəranda oynamaq özümə ləzzət elədi
“Xəzər Lənkəran”la görüşümüz xoşuma gəldi. Lənkəranda oynamaq özümə ləzzət elədi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Ceyhun Sultanov deyib. Premyer Liqamızın növbəti turunda “Xəzər Lənkəran”ın qonağı olan gəncəlilər 0:1 hesabı ilə uduzdu.

Bu matç Ceyhun Sultanov üçün xüsusi önəm kəsb edirdi. Belə ki, 32 yaşlı yarımmüdafiəçi 3,5 il oynadığı cənub təmsilçisinə qarşı oynayırdı. Ceyhun hələ ötən ilin yayında bu komandadan getsə də, keçən mövsüm Lənkərandakı oyunda zədə üzündən iştirak edə bilməmişdi. Bu dəfə meydana çıxmaq imkanı qazanan Sultanov xoş təəssüratlara malik olub: “Hər şey, komanda, futbolçuların bir çoxu, meydança mənə çox tanış idi. Buna görə də mənə oynamaq rahat idi. Belə ab-hava oynamaqdan zövq aldım. Əsl futbol ab-havası vardı. Düzdür, oyun ağır keçdi. Çünki hava şəraiti daha yaxşı futbol oynamağa imkan vermirdi. Yağan güclü yağış meydançanın vəziyyətinə pis təsir göstərmişdi, qazon sürüşkən idi. Ancaq bununla belə, yaxşı oynamağa çalışdıq, qol imkanlarımız da oldu. Ancaq 1 qol buraxdıq və uduzduq”.

Ceyhun Lənkəran publikasının onu yaxşı qarşılayacağını gözləyirmiş: “Hələ oyundan öncə, ondan sonra futbolçularla, azarkeşlərlə, oteldə köhnə işçilərlə görüşdüm. Oyun zamanı da “Ceyhun, Ceyhun” deyə qışqıranlar vardı. Mənim Lənkəranda heç kimlə problemim olmayıb. Nə mən onlara qarşı pis olmuşam, nə də onlar mənə. Bu üzdən yaxşı qarşılanacağımızı, heç bir problemlə üzləşməyəcəyimiz gözləyirdim. Elə də oldu, yaxşı münasibət gördüm”.

“Kəpəz”in oyun qurucusu özünün oynadığı “Xəzər Lənkəran”la indiki komanda arasında belə müqayisə apardı: “Bir onu deyə bilərəm ki, yaxşı atletik komandadır. Meydanda olanda görürsən ki, ağır komandaya qarşı oynayırsan. “Xəzər Lənkəran”ın futbolçuları yaxşı fiziki göstəricilərə, fiziki hazırlığa malikdirlər. Bu üzdən atletik futbola üstünlük verirlər”.

Ceyhunu növbəti turda daha bir tanış komanda ilə sınaq gözləyir. Bu da karyerasının uzun illər bağlı olduğu, hətta kapitanı olduğu “Bakı” ilə noyabrın 4-də Gəncədə keçiriləcək matçdır: “Həmin oyunu evdə keçirəcəyimizdən, mütləq qalib gəlməliyik. Bununla da ilk dövrədə səfərdə qazandığımız 3:0 hesablı qələbənin təsadüfi olduğunu göstərmək istəyirik. “Bakı” ilə görüşdə həm ona görə qalib gəlməyimiz lazımdır ki, onlar da bizim kimi “altılığ”a düşməyə çalışırlar. Ora düşmək uğrunda əsas rəqiblərimizdən birinə qalib gəlib, ona daha da yaxınlaşmalıyıq”.

Qeyd edək ki, Sultanov 2007-ci ilin qışında məhz “Bakı”dan “Xəzər Lənkəran”a keçdi və bu komandada 1 dəfə ölkə çempionluğu, 2 dəfə ölkə kuboku və 1 dəfə “Birlik kuboku”nu qazandı.

Mehman SÜLEYMANOV