“Barselona”dan rekord, “Qarabağ”dan sıçrayış
02.11.2011 - 10:49
“Barselona”dan rekord, “Qarabağ”dan sıçrayış
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin ən güclüləri sırasında 400 komanda yer alıb.

Siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya nəhəngləri “Barselona” və “Real” müvafiq olaraq 335 və 309 xalla dünyanın ən yaxşılarıdır. İngiltərə “Mançester Yunayted”i isə 280 xalla 3-cü pillədə qərarlaşıb.

1991-ci ildən aylıq açıqlanan İFFHS reytinqində 38-ci dəfə 1-ci olan “Barselona” bununla da dünya rekordu müəyyənləşdirib. İspaniyalılar 37 dəfə ayın ən yaxşısı olan İtaliya “Milan”ını arxada qoyub.

Azərbaycanın siyahıdakı yeganə təmsilçisi “Qarabağ”dır. Hesabında 71 xal olan Ağdam təmsilçisi ötən ayla müqayisədə 10 pillə irəliləyərək, sıçrayışa nail olub. İndi təmsilçimiz 303-cü yerdə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri bu mövqeni Kipr “Anortosis”i və Rumıniya “Otselul”u ilə bölüşür.
0