İsgəndər Cavadovun Milli Məclisə namizədliyi irəli sürüldü
02.11.2011 - 11:35
İsgəndər Cavadovun Milli Məclisə namizədliyi irəli sürüldü
Azərbaycanın ən yaxşı futbolçularından olan İsgəndər Cavadov yubileyini qeyd etdi. Apasport.az saytının məlumatına görə, 55 yaşı tamam olan veteran hücumçumun ad günü ilə bağlı “ABU Arena”da ziyafət təşkil olundu.

Bu, “Neftçi” Veteran Futbol Klubunun üzvləri ilə Milli Məclisinin deputatları arasında “Şəfa” stadionunda keçirilən yoldaşlıq görüşündən sonra reallaşdı. Ziyafətdə idman ictimaiyyətinin nümayəndələri də yer almışdı. Belə ki, olimpiya çempionu olan Namiq Abdullayev, onun böyük qardaşı olan digər güləşçi – dünya çempionu Arif Abdullayev, Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev, boks yığmasının sabiq baş məşqçisi Məmməd Eyvazov və başqaları tanınmış futbolçunun ad gününə yığışmışdı.

Həmkarımız Sənan Şəfizadənin aparıcısı olduğu ziyafət öncə video çarxla başladı. Belə ki, məclis iştirakçıları həm Cavadovun oyunlarından görüntüləri izləyir, həm də onun şərəfinə yazılan mahnıya qulaq asırdılar. Öncə çıxış üçün söz gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ardından AFFA-nın baş katibi Elxan Məmmədova verildi. Onlar təbrik və arzularını çatdıraraq, yubilyar haqda xoş sözlər dedilər.

İsmayılov Cavadovu fəxri diplomla da təltif etdi. Səbəbkara AFFA prezidenti Rövnəq Abdullayevin təbriklərini çatdıran Məmmədov ona milli komandamızın 55 nömrəli formasını hədiyyə etdi. Cavadov həmin gün futbolçu karyerasını həsr etdiyi “Neftçi”nin də 55 nömrəli formasına, habelə şərfinə sahib çıxdı.

Məclisin ən maraqlı anlardan biri Milli Məclisin üzvü Siyavuş Novruzovun çıxışı zamanı oldu. Belə ki, onun da yer aldığı deputatlardan ibarət komanda “Şəfa”da veteran futbolçulara 1:5 hesabı ilə uduzmuşdu. Qüvvələr nisbətində fərqi nəzərə alsaq, belə məğlubiyyət gözlənilən idi. Zarafatlarından qalmayan Novruzov vəziyyətdən çıxış yolu kimi Cavadovun Milli Məclisə üzv seçilməyini və bununla da deputatlardan ibarət komandaya rəhbərlik etməyini arzuladı.

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti Cavadov 50 illik yubileyində “Şöhrət” ordeninə layiq görülüb.

Mehman SÜLEYMANOV