Yunis Hüseynovdan lakonik etiraf
03.11.2011 - 00:04
Yunis Hüseynovdan lakonik etiraf
“Hələlik ortada heç nə yoxdur. Bu məlumat doğru deyil”. Bunu apasport.az saytına açıqlamasında hazırda işsiz məşqçilərimizdən olan Yunis Hüseynov deyib.

“Sumqayıt Şəhər”lə oyundakı məğlubiyyətdən sonra AZAL-ın baş məşqçi Elxan Abdullayevin istefa verməsi barədə xəbər vermişdik. Yayda komandanın “sükanı arxası”na gətirilən Abdullayevin ümidləri doğrultmadığı ortadadır.

Belə ki, komanda 11 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Halbuki, çempionatın startında klub rəhbərliyi qarşıya məqsəd kimi, mükafatçılar sırasına düşməyi qoymuşdu. Bu gedişlə AZAL-ın istəyinə nail olacağı imkansız görünür. Bunu nəzərə alan “təyyarəçilər”in sponsorları Elxan Abdullayevin istefasını qəbul etməli olub.

Bu arada “Karvan”dakı uğurlu fəaliyyəti ilə yadda qalan və UEFA kubokunda mərhələ adlayan ilk məşqçimiz olan Yunis Hüseynovun AZAL-ın “sükanı arxası”na keçə biləcəyi istisna edilmir. Əlaqə saxladığımız mütəxəssis isə mətbəxdə bişənlərdən heç kimi hali etmək istəmir. O, təklif alacağı təqdirdə AZAL-da işləmək istəyib-istəməməyinə də aydınlıq gətirmədi: “Təklif yoxdursa, bu haqda danışmağın mənası yoxdur. Gərək ortada real nəsə olsun ki, onun haqda da fikir yürüdəsən”.

Sonda mütəxəssisdən uşaq futbolunda çalışıb-çalışmamağı haqda da fikrini öyrəndik. Hüseynov fikrini qısa və lakonik izah etdi: “Uşaq futbolunda çalışmaqla bağlı təklif olsa, qəbul etmərəm. Ancaq əsas komandada işləməyə razılıq verərəm”.
0