“Mənə yönələn tənqidlərlə tamamilə razıyam”
03.11.2011 - 00:00
“Mənə yönələn tənqidlərlə tamamilə razıyam”
Azərbaycan yığmasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun apasport.az saytına müsahibəsi

- Quzanlıda “Bakı”ya qarşı keçirilən oyunda 3 xal qazandınız. Bu qarşılaşma barədə nə deyə bilərsiniz?
- Qarşılaşmanın əhəmiyyəti çox böyük idi. Biz həmin oyundan 3 gün öncə şok yaşamışdıq, “Neftçi”yə uduzmuşduq. Əgər yenə məğlub olsaydıq, o zaman rəqiblərimizi irəli buraxmış olardıq. “Neftçi”ni, “Xəzər Lənkəran”ı və digər güclü komandaları gözdən qoymaq istəmirik.

- “Neftçi” ilə oyunda dubl etsəniz də, “Bakı”ya qarşı bir o qədər fəal deyildiniz. Qeyri-sabit oyunun əsas səbəbi nədir?
- Ciddi səbəb yoxdur. Futbolçunun karyerasında eniş və yüksəliş dövrləri olur. Məndə bir qədər yorğunluq var idi. Bunu yavaş-yavaş aradan qaldırıram. Hiss edirəm ki, əvvəlki günlərə az qalıb. O günlər 3 turdan sonra geri qayıdacaq. Əlbəttə ki, Allah izin versə...

- Bir ara tənqid olundunuz. Maraqlıdır, həmin tənqidlərlə tanış olurdunuzmu, bunlara münasibətiniz necədir?
- Mətbuatı daim izləyirəm. Əlbəttə ki, tənqidi məqalələri də oxuyurdum. Mənə yönələn tənqidlərlə tamamilə razıyam. Etiraf edim ki, həmin tənqidlərdən nəticə çıxarmışam. Bəlkə də, oyunumu düzəltməkdə, qaydasına salmaqda tənqidləri rolu böyük oldu. Bilirsiniz, insanı tərifləməkdənsə, tənqid etmək yaxşıdır. Əgər məndə bir qüsur görsəniz, tənqid edin ki, nəticə çıxarım.

- Qarşıda sizi “Sumqayıt Şəhər”lə oyun gözləyir. İlk dövrədə məğlub edə bilmədiyiniz komanda sizə Quzanlıda da eyni aqibəti yaşada bilərmi?
- Hər şey ola bilər. Futbolda əvvəlcədən proqnoz vermək düzgün deyil. Sözsüz ki, belə komandalara qarşı oynamaq çətindir. Çünki komandanın əsasını gənc futbolçular təşkil edib. Mən də gəncəm. Gənc futbolçular meydançada ürəklərini, canlarını qoyurlar. Sözsüz ki, bu oyunun əhəmiyyəti bizim üçün olduqca böyükdür. Belə oyunları mütləq 3 xalla tərk etməliyik.

- Razılaşırsınız ki, “Qarabağ” ilk dövrədə bu komandanı dəyərləndirmədi və acısını çəkdi...
- Tam razı deyiləm. Həmin oyundakı nəticəni başqa səbəblər əsasında yozmaq daha məqsədəuyğundur. Çempionat yeni başlamışdı. Həmin vaxt milli komandanın oyunları ilə əlaqədar sıxlıq var idi, bizim üçün oynamaq olduqca çətin idi. Düzünü desəm, adam meydançaya çıxmaq istəmirdi, amma oynadıq. Dediyim kimi, rəqibin gənc futbolçulardan qurulması çox təsir göstərdi. Təcrübəli futbolçu qismən də olsa, ehtiyatlanır, lakin gənc futbolçu heç nəyi düşünmür. Bu tip oyunçular çox istəkli olurlar. Rəqibin heyətindəki futbolçuları çox dərindən tanıyıram. Onlarla birgə də oynamışam.

- Çempionluq uğrunda yarışan rəqiblərlə müqayisədə “Qarabağ”ın heyəti daha kasaddır. Amma bu, oyunlar zamanı hiss olunmur. Bəlkə, optimal heyətlə oynamaq daha məqsədəuyğundur?
- Bəli, razıyam ki, ehtiyat qüvvə bir qədər azdır. Amma daim eyni futbolçularla oynamaq da bir üstünlükdür. Mən uşaqlıqdan onlarla oynayıram. Fikrimcə, Roşanın gəlişi də bizim oyunumuza təsir göstərib. O, elə belə, sıradan bir futbolçu deyil. Eşitmişəm ki, bir qədər şıltaqlığı var. Amma hələlik belə bir hərəkətini görməmişəm. Əgər nəsə problemi varsa, baş məşqçimiz Qurban Qurbanov onu da sahmana salacaq, heç bir çılğınlığı olmayacaq.

- Uzun müddətdir “Qarabağ”dasınız. Nə vaxtsa bu komandanı tərk etmək, başqa kluba keçmək haqqında düşünürsünüzmü?
- Düzü, yerli klublardan hər zaman dəvət var. Amma mən “Qarabağ”da qalmaq, bu komandada oynamaq istəyirəm. Məsələnin maddi tərəfin düşündüyün zaman, mənəvi tərəfini də düşünməlisən. Əgər xarici klublardan dəvət gəlsə, düşünərəm. Xarici kluba çox yaxşı formada olduğum zaman getməliyəm ki, ehtiyatda oturmayım, oynayım.

- Hesabat turundan dərhal sonra milli komandanın düşərgəsinə yollanacaqsınız. Qarşıda sizi 2 yoxlama görüşü gözləyir. Rəqiblər barədə hansı fikirdəsiniz?
- Biz əvvəlcə Albaniyaya, oradan isə Almaniyaya yollanacağıq. Albaniya ilə görüşdə özümüzü göstərmək, nəticə qazanmaq istəyirik. Düzünü desəm, “Berlin Union” komandası ilə heç bir tanışlığım yoxdur. Əgər bu rəqibi AFFA seçibsə, yəqin ki, uyğun olar.

- Yeri gəlmişkən, Albaniyada komanda yoldaşların Admir Teli və Ansi Aqolliyə qarşı oynamaq imkanı qazanacaqsınız...
- Bəli, maraqlı faktdır. Onlar da milli komandalarına dəvət alırlar. Ansi mənim oynadığım cinahda mübarizə aparır. Ona tez-tez söz atıram. Əlbəttə, onlar mənim indi komanda yoldaşımdırsa, sabah rəqibim olacaq. Biz bir-birimizi daha yaxından tanıyırıq.

- Ehtimal var ki, bu oyunlar Berti Foqtsun son akkordlarıdır...
- Əgər desəm ki, Foqts qalsın, AFFA göndərdikdən sonra nə edə bilərəm, və ya əksinə. Bilirsiniz, bura milli komandadır. Milli komandada mənim üçün fərqi yoxdur, Əlidir, Vəlidir, yoxsa Foqtsdur. Kimin rəhbərliyi altında olsa, oynayacağam. Xalqımızı sevindirmək üçün. Federasiya nə qərar versə, odur. Biz onların qərarlarını müzakirə edə bilmərik.