Premyer Liqamız ən yaxşılar arasına düşə bilmir
03.11.2011 - 10:24
Premyer Liqamız ən yaxşılar arasına düşə bilmir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən mövsüm yüksək liqalarda ən çox qol vuranların siyahısını yeniləyib. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə 3 ay əvvəl açıqlanan siyahıda ciddi dəyişiklik olmayıb. Yeni başa çatan çempionatların qolçuları sayəsində siyahı 49 nəfərədək genişlənsə də, liderlər mövqeyini dəyişməyib.

Madrid “Real”ının portuqaliyalı hücumçusu Kriştianu Ronaldo planetin ən yaşı bombardiridir. Dünyanın ən bahalı futbolçusu ötən mövsüm 32 oyunda 40 qol vurub. Son illərdə həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilən “Barselona”nın argentinalı yarımmüdafiəçisi Lionel Messi 31 oyunda 31 dəfə fərqlənib.

İlk “üçlüy”ü “Bavariya”nın və Almaniya millisinin hücumçusu Mario Qomes qapayır – 32 oyunda 28 qol. Ötən mövsüm Türkiyə Superliqasının bombardiri olan braziliyalı Aleks də 28 qol vurub. Ancaq “Fənərbaxça”nın kapitanı Qomesdən 1 oyun çox keçirdiyinə görə 4-dür. Elə İtaliya “Udineze”sində çıxış edən Antonio di Natale də eyni səbəbdən bu 2 futbolçudan geri qalır.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri “Qarabağ”ın gürcü hücumçusu Georgi Adamiya oldu - 17. Ancaq həm İFFHS-in 45 nəfərlik siyahısına ən azı 20 qol vuran futbolçular düşdüyündən, həm də Premyer Liqamızın reytinqi dünyada aşağı olduğundan, ən sərrast oyunçumuz kənarda qalıb.
0