Premyer Liqa ən baxımsız çempionatlar arasında
03.11.2011 - 12:38
Premyer Liqa ən baxımsız çempionatlar arasında
Dünyanın müxtəlif ölkələrində milli futbol liqalarının məhsuldarlıq göstəricilərinin reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda 268 müxtəlif çempionat yer alıb.

Hər oyununda orta hesabla 4,86 qol vurulan Danimarkanın III liqası dünyanın ən məhsuldar çempionatıdır. 2-ci pillədə Tayvanın A divizionu (4,83), 3-cü isə Almaniya Oberliqasıdır – 4, 67. Ən az qol isə Haitidə vurulur – hər oyunda 1,43.

Azərbaycanda mövcud olan hər 2 peşəkar liqa məhsuldarlıq reytinqində yer alıb. 65 oyununda 142 qol vurulan Premyer Liqa dünyanın ən az qol vurulan çempionatlarından sayılır. Belə ki, orta məhsuldarlığı 2,2 olan Premyer Liqa 268 çempionat arasında 234-235-ci yerləri bölüşür. Çempionatımızın şəriki isə eyni göstəriciyə malik Qvadelupe çempionatıdır.

Orta məhsuldarlığın 2,66 olduğu I divizion isə siyahının ortalarındadır. Çempionatımızın aşağı dəstəsi dünyada 131-132-ci yerləri Kosta-Rikanın Primerası ilə bölüşür.