“Adam yemək yediyi qabın içinə tüpürməz” - MÜSAHİBƏ
09.11.2011 - 16:53
“Adam yemək yediyi qabın içinə tüpürməz” - MÜSAHİBƏ
AZAL klubunun kapitanı Aqil Nəbiyevin apasport.az saytına müsahibəsi

- Böyük uğursuzluqlardan sonra komanda ilk dəfə qələbə qazandı. İddialı “Qəbələ”ni belə qələbə qazandı üstələyəcəyinizi gözləyirdiniz?
- Sözün açığı, belə böyük hesablı qələbə qazanacağımıza inamım yox idi. Amma oyunu qələbə ilə başa çatdıracağımızı gözləyirdim. Çünki geriyə yolumuz yoxdur. Şükür Allaha ki, bu dəfə qələbə qazandıq. Uzun müddətli uğursuzluqdan sonra azarkeşlərimiz, nəhayət ki, qələbə gördülər.

- Elxan Abdullayevin istefasındansonra qazanılan bu qələbə fikirləri bir qədər haçalandırdı. Ola bilərmi ki, bir qrup futbolçu oynamaq üçün məhz onun gedişini gözləyirdi?
- Mən, bu fikirlə razı deyiləm. Həmişə oynamışıq, yenə oynayırıq.

- Hər halda, Abdullayev özü bildirib ki, bir qrup futbolçu AZAL-da işləməyini istəmirmiş...
- Sadəcə, “Qəbələ” ilə oyunu sonuncu matç kimi xarakterizə etdik. Görüşdən öncə uşaqlara dedim ki, elə təsəvvür edin, axırıncı görüşünüzə çıxırsınız. Həm də, bu görüşdə müdafiə xətti səhvsiz oynadı. Mən Elxan Abdullayevin fikri ilə razı deyiləm. Adam yemək yediyi qabın içinə tüpürməz.

- Demək olarmı ki, Abdullayevin komandanın baş məşqçisi postuna gətirilməsi səhv qərar idi?
- Sözsüz ki, mənim də müəyyən düşüncələrim var. Amma bu barədə fikir bildirməyim düzgün deyil. Sadəcə onu deyə bilərəm ki, mən başqa məşqçilərin rəhbərliyi altında necə çıxış etmişdimsə, Elxan müəllim baş məşqçi olanda da elə çıxış etmişəm. Amma zədəli olduğuma görə, bir neçə oyunu kənardan izləmişəm.

- Elxan Abdullayev baş məşqçi olanda düşərgədə vəziyyət necə idi, onun gedişindən sonra hansı dəyişikliklər nəzərə çarpır?
- Abdullayev komandaya baş məşqçi təyin olunanda, eləcə də işlədiyi dönəmdə hər şey normal idi. Sadəcə, komanda “qara zolağ”a düşmüşdü.

- Komandanın rəhbərliyində də dəyişikliklər gözlənilir. Bu məsələyə münasibətiniz necədir. Ümumiyyətlə, hazırda AZAL-ı kim idarə edir?
- Mənim işim futbol oynamaqdır. Rəhbərliklə nə işim var?

- Elxan Abdullayevin təyinatı gerçəkləşəndə komandanın məqsədinin çempionluq olduğu deyilmişdi. Artıq fikirləşmək olarmı ki, bu bir yuxudur?
- İşimizi çətinə saldıq. Komanda ardıcıl məğlubiyyətlərdən sonra aşağı pillələrə yuvarlandı. Amma futbolda hər şey mümkündür. İndiki vəziyyətdə ilkin məqsəd ilk “altılığ”a düşməkdir. Sonrasını isə gözləmək lazımdır. Əgər medallar uğrunda mübarizə aparmaq istəyiriksə, ilk növbədə bunun öhdəsindən gəlməliyik.

- Razılaşaq ki, çox geridəsiniz. Hər halda, bundan sonra da digər komandalar yenə bir yerdə qalmayacaq. Onlar da qələbə qazanacaqlar. Qorxmursunuz ki, aradakı fərqi azalda bilməzsiniz?
- 4-5-ci yerdə qərarlaşan komandalarla aramızda ciddi xal fərqi yoxdur. Bu xal fərqini aradan qaldırmaq isə çətin görünsə də, mümkünsüz deyil. İnanıram ki, komandamız bunun öhdəsindən layiqincə gələcək.

- Necə fikirləşirsiniz, hazırkı heyətlə bunu həyata keçirmək çətin olmayacaq?
- Komandanın heyətində yer alan futbolçuların hər biri güclüdür. Sadəcə onlardan düzgün istifadə etmək lazımdır.

- Abdullayev bunu bacarmadı?
- Hər bir məşqçinin öz oyun üslubu, taktikası, futbola baxış bucağı var. Kimisə tam fərqləndirmək niyyətim yoxdur. Ola bilər ki, Elxan müəllim bəzi futbolçuları öz yerində oynatmırdı.

- Məlumata görə, bəzi futbolçular Nazim Süleymanovun komandaya qayıdışının tərəfdarıdır. Siz də həmin cəbhədəsiniz?
- Kimin nə fikirləşdiyini deyə bilmərəm. Ümumiyyətlə, mən bu barədə heç bir məlumata malik deyiləm.

- Belə zəif nəticələrdən sonra komandaya münasibət necədir. Maaşlarda gecikmələr varmı?
- Rəhbərliyimiz futbolu bilən adamlardır. Onlar yaxşı dərk edir ki, futbolda uğurla yanaşı, uğursuzluqda olur. Heç bir problemimiz yoxdur, hər şey qaydasındadır. Maaşımızı vaxtı-vaxtında alırıq.
0