“Hakimlikdən uzaqlaşdırıldığıma dair rəsmi qərar yoxdur”
10.11.2011 - 12:11
“Hakimlikdən uzaqlaşdırıldığıma dair rəsmi qərar yoxdur”
“Azərbaycan daxilində yarışlarda hakimlikdən uzaqlaşdırılmağım barədə heç bir rəsmi qərar yoxdur. Sadəcə, belə məsləhət bilinib”. Bu fikirləri Lent.az-a açıqlamasında çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev deyib.

Həmzəyev bu mövsüm nəinki Unibank Premyer Liqası, hətta əvəzedicilər, I divizion və aşağı yaş qrupları üzrə çempionatların oyunlarına təyinat almır. Ötən mövsümün sonlarında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “Əfqan bir daha oyun idarə etməyəcək” deyib və sözünə əməl edib. Qeyri-rəsmi səbəb kimi Həmzəyevin “Neftçi”yə simpatiyası və çempionluq münasibətilə klub prezidenti Sadıq Sadıqovu qucaqlayaraq təbrik etməsi göstərilir. Hətta həmin epizodun videogörüntüsü də var. Amma AFFA Hakimlər Komitəsi onun hakimlikdən kənarlaşdırıldığını rəsmən ictimaiyyətə açıqlamayıb. Çimərlik futbolu üzrə FİFA referisi isə rəsmi qərarın çıxarılmayacağına əmindir: “Çünki rəsmi qərar üçün bir səbəb də yoxdur. Mən sizə deyirəm ki, bu, olmayacaq. Olsaydı, nəinki böyük futbol, çimərlik futbolundan da gedərdim. Deməli, mənim çimərlik futbolunda qalmağımı məsləhət biliblər, çimərlik futbolunda da saxlayıblar. Bu, federasiyanın qərarıdır və mən də hörmətlə yanaşıram. Əlavə şərhə ehtiyac yoxdur”.

“Bağışlanmağınız barədə müraciət edəcəksiniz?” sualını isə Həmzəyev sualla cavablandırıb: “Kimə müraciət etməliyəm? Nə etmişəm ki, bağışlanmağımı da xahiş edim? Sadəcə, oyunlardan kənarlaşdırıblar. Deyiblər ki, hakimlik etməyəcəksən. Demişəm ki, sağ olun. Nə oldu? Hakimlik edəndə yaxşı idim, etməyəndə pis?”

O, Sadıqovu qucaqlayaraq öpməsi epizoduna əlavə şərh verməkdən imtina edib: “Mən bu barədə heç nə danışmaq istəmirəm. Məsləhət belə olub, belə də ediblər. Əlavə şərhə ehtiyac yoxdur”.
0