Türkiyə yığmasını diz çökdürdü, azərbaycanlı futbolçunu Rembo adlandırdı
12.11.2011 - 12:32
Türkiyə yığmasını diz çökdürdü, azərbaycanlı futbolçunu Rembo adlandırdı
Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliç Türkiyə yığmasının əslən azərbaycanlı olan futbolçusu Sərvət Çətinə maraqlı ad tapıb. Apasport.az saytının məlumatına görə, tanınmış çalışdırıcı cüssəsi, yaxşı fiziki göstəricilərə malik olmağı, meydanda döyüşkənliyi ilə seçilən müdafiəçini Remboya bənzədib. Biliçin fikrincə, Sərvət Hollivud ulduzu Silvester Stallonenin yaratdığı məşhur kino qəhrəmanı kimi mübarizdir.

Baş məşqçi Avro-2012-in ilk pley-off oyununda İstanbulda Türkiyə yığmasına ilə oyundan sonra mətbuat konfransı keçirildiyi zala əlində rəqib yığmanın forması ilə daxil olmaqla, diqqət çəkib. Biliçdən bunun kimin forması olduğunu soruşduqda Çətin cavabını verib və niyə məhz onu götürdüyünü də izah edib: “Sərvət bir Rembodur. Onun formasını almaq istədim”.

Ancaq Çətin Xorvatiya ilə matçda heç ehtiyat skamyasında yer almadığından, Biliç pərəstiş etdiyi futbolçunun oyununu izləyə bilməyib. Hər halda, bu, qonaqların xeyrinə olub və onlar Sərvətin yoxluğunda türklərin müdafiə xəttində boşluqdan məharətlə yararlanaraq. 3 cavabsız qol vurub. Düzdür, Biliç artıq final mərhələsinə vəsiqə qazandıqlarını düşünmür: “İşimizin bitdiyini söyləmərəm. Buna əmin deyiləm. Türklər bunu daha öncə də bizə göstərdi. Zaqrebdə bizi daha çox şey gözlədiyini bilirik. Bu gün Türkiyə yığması yaxşı oynamadı. Biz isə yaxşı oynadıq. Rəqibin qrupda 10 matçını da izlədim. Onları yaxşı təhlil etdim. Bunun da nəticəsində bu gün istədikləri kimi oynaya bilmədilər. Haqq etdiyimiz qələbə qazandığımıza inanıram”.

Qeyd edək ki, Türkiyə Avro-2008-in ¼ finalında Biliçin komandasının yolunu kəsmişdi. Əlavə vaxtda hesabı açan xorvatların qalib gələcəyi gözlənildiyi halda, hücumçu Semih Şəntürk son saniyələrdə tarazlığı bərpa etmişdi. Oyun sonrası penalti seriyasını isə türklər daha dəqiq yerinə yetirməklə, yarımfinala çıxmışdı.
0