“Niyə də “Qəbələ”də işləməyim?”
17.11.2011 - 17:00
“Niyə də “Qəbələ”də işləməyim?”
Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Toni Adamsın “Qəbələ”dən istefa verməsini necə qarşıladınız?
- İstefa verib, özü bilən məsləhətdir. Adams çoxdan getməli idi.

- “Qəbələ”nin Adamsın rəhbərliyi altında uğursuz çıxışına görə belə fikirləşirsiniz?
- Söhbət bundan gedir də... Bəs, baş məşqçi nə üçündür? Məşqçi var mərhələ-mərhələ iş görür, sonra da yavaş-yavaş nəticə verir. Mütəxəssis də var çağırıb deyirlər ki, lazımi şərait yaradacağıq, amma nəticə göstər. Deyərdim ki, Qəbələdə yaradılan meydançalar Azərbaycanda ən yaxşıdır. Hazırda stadion tikilir. Mütəxəssis kimi, belə gözəl şərait yaratdığı üçün klub rəhbərliyinə, prezident Tale Heydərova minnətdarlığımı bildirirəm. Qəbələdəki Futbol Akademiyasına başqa bölgələrimizdən də uşaqlar dəvət edib, yoxlayırlar. İndidən deyə bilərəm ki, “Qəbələ”nin gələcəyi var.

- Belə şəraitə malik komandanın baş məşqçisi yerli, yoxsa əcnəbi olmalıdır?
- Həmişə yerli məşqçinin tərəfdarı olmuşam. Mənə sual edirlər ki, niyə əcnəbi mütəxəssisə qarşısan? Əslində, mən də əcnəbi istəyirəm, amma şərtlə. Xarici məşqçi özü ilə 5-6 köməkçi gətirir. Nəticə versə də, verməsə də sonda gedir. Onun yerinə gələn məşqçi də hər şeyə sıfırdan başlayır. Klubla yığmada eyni iş getməli, ardıcıllıq olmalıdır. İş yarıda qalan halda isə digər birisi bu ardıcıllığı həyata keçirməlidir. Sözsüz, hər məşqçinin öz futbol ideyası var. Klublarda yerli məşqçiyə inam olmalıdır. Əcnəbi gəlirsə, yanında gənc, yerli mütəxəssislər işləməlidir. Qoy onun yanında öyrənsin.

- Siz “Xəzər Lənkəran”ı çalışdıranda Ramiz Məmmədovun baş məşqçisi olduğu “Qəbələ” ilə qarşılaşmısınız. Sözlərinizdən belə nəticə çıxartmaq olarmı ki, onun qayıdışını daha məqsədəuyğun sayırsınız?
- Ola bilər ki, bəzi yerli məşqçilər infrastrukturun dəyişməsindən sonra klub rəhbərliyinə nəsə deməyə utanırlar.

- Yəni, şərait tələb etməkdən çəkinirlər...
- Ay sağ ol. Ancaq bunların klub rəhbərliyinə deyilməsi çox vacibdir.

- Sizə elə gəlmir ki, Ramiz Məmmədovun yerinə Toni Adamsın gəlişi lazımı effekt vermədi?
- Ramizin vaxtında komanda oyunu, əzmkarlıq vardı. Həmişə qələbəyə can atırdı. Düzdür, Məmmədovun sərəncamında indiki səviyyədə futbolçular yox idi. Ola bilər ki, belə maliyyə də yox idi, mən bunu dəqiq bilmirəm. Ramiz cavan məşqçidir, işləmək, öyrənmək istəyirdi. Onu da yaddan çıxartmayın ki, özü də həvəsli idi. Məmmədov futbolçulardan qələbə əzmi tələb edirdi. Bəziləri mənə deyirlər ki, Sovetlər Birliyindən çıxan məşqçilər karyeralarını başa vurmalıdırlar. Mən bu sözlərə məəttəl qalıram. Başqa ölkələrdə həmin məşqçilərin çoxu həm işləyir, həm də öyrədir. Ancaq Azərbaycanda belə şey yoxdur. Ümumiyyətlə, mən heç vaxt öz həmkarım haqda pis fikirdə olmamışam.

- Adams özü istefa verib və bunu ailəsinin Qəbələdə yaşaya bilməməsi ilə izah edib...
- Ola bilər ki, burada yaşaya bilmir. Bu, Adamsın öz işidir. O, gözəl futbolçu olub, məşqçiliyi barəsində isə bunu deyə bilmərəm. Ancaq Adamsa infrastruktur, çox şey barəsində “sağ ol” demək lazımdır. Sağ olsun klub rəhbərliyi ki, onun dediyi hər şeyi etdilər. Bu, Azərbaycan futbolunun xeyrinədir.

- “Qəbələ” yeni baş məşqçi axtarır. Siz də artıq xeyli müddətdir işsizsiniz. Təklif gözləyirsiniz?
- Təklif deyəndə ki, çağırsalar oturub, söhbət edərik. Niyə də işləməyək? “Qəbələ” iddialılardan biridir. Yaxşı yerlər tutmaq, Avropada oynamaq istəyir. Bu işlər ona görə görülür ki, “Qəbələ” də Avropada oynasın.

- Qısa müddət ərzində çempionatda 2 baş məşqçi istefası oldu. Bundan əvvəl AZAL-ın baş məşqçisi Elxan Abdullayev vəzifəsindən getmişdi. Yəqin ki, işsiz məşqçilər istefa olanda, təklif gözləyir...
- Mən heç vaxt düşünməmişəm ki, kimsə getsin və onun yerində işləyim. İnanın mənə, səmimi deyirəm. Siz mənə dediniz ki, Adams gedib, elə deyil?

- Bəli.
- Mən bunu bilmirdim. Çağırsalar da, çağırmasalar da sağ olsunlar.

- Artıq il yarıma yaxındır işsizsiniz. Doğrudanmı, sizinlə maraqlanan yoxdur?
- (gülür) Canları sağ olsun, həyatdır da.

- Bəlkə milli komandamızın yeni baş məşqçisi yerli oldu və sizi bu vəzifəyə təyin etdilər?
- Hələ belə bir təklif, söhbət yoxdur. Mən heç vaxt real olmayan bir şey haqda danışmıram. Real olar, danışarıq.

- Ölkəmizə gələn tanınmış futbolçu və məşqçilər niyə uğur qazana bilmirlər?
- Fikrinizi başa düşdüm. Əsas odur ki, onlar Azərbaycanda işləyirlərsə, futbolumuzun oyun üslubunu bilməlidirlər. Bu oyun üslubunu da inkişaf etdirməlisən. Futbolumuz inkişaf edir, bununla bərabər məşqçilər də inkişaf etməlidir. Bunun üçün öz üzərində işləməli, oxumalıdırlar. Xarici məşqçi üçün əsas nədir? Gəlib işini görür, uğur oldu-olmadı pulunu alıb gedir. Ona heç bir söz deyilmir. İnanın mənə, hansısa bir oyunu uduzanda, evdən bayıra çıxmaq istəmirdim. Türkiyə klublarına fikir verin: əksəriyyətində yerli məşqçilər işləyir. Çoxdan eşitmişəm ki, milli komandaya “İstanbul Böyükşəhir Bələdiyyəspor”un çalışdırıcısı Abdullah Avcını dəvət edəcəklər. Türklər özləri də bilir ki, məşqçiləri var, onlara inanmaq, şərait yaratmaq lazımdır. Onlar türk futbolunu hərtərəfli, dərindən bilirlər. Bu, bizimkilərə də aiddir.
0