Berti Foqtsun 8 kəşfi, “kitabı bağlananlar” və ehtiyatda yatanlar
17.11.2011 - 17:06
Berti Foqtsun 8 kəşfi, “kitabı bağlananlar” və ehtiyatda yatanlar
2011-ci ildə Azərbaycan yığmasının heyətini qorumuş futbolçuların siyahısı ilə 1 il əvvəlki heyətin müqayisəsində kifayət qədər dəyişikliklər olub. Apasport.az saytının hər ilin sonunda açıqladığı yığma üzvlərinin siyahılarının müqayisəsi belə deməyə əsas verir.

Düzdür, ötən il yığmada 27, bu il isə 28 futbolçu forma geyinib. Fərqin cüzi olduğu görünsə də, əslində, xeyli yeni adlar, həmçinin, yığma “kitabı bağlananlar” diqqət çəkir. Yalnız 20 futbolçu həm 2010, həm də 2011-ci ildə Berti Foqtsa lazım olub. Bu isə o deməkdir ki, ötən ilkilərin 7-dən imtina olunub və əvəzində 8 yeni ada ehtiyac yaranıb.

Lazımsız 7 futbolçu üçün millinin qapılarını bu il açmayan almaniyalı mütəxəssis bunu müxtəlif səbəblərdən edib. Araz Abdullayev və Amit Quluzadəni U-21-ə “hədiyyə edən” Foqts Samir Abasovun yaşına nəzər salıb. Fərhad Vəliyev, Səlahət Ağayev, Fərid Quliyev və Ruslan Əmircanov isə aylarla klubunda oynamamağın güdazına gedib.

Foqtsun bu il kəşf etdiyi adlara gəlincə, onların sayı 8-dir. Bunların 4-ü, ümumiyyətlə milli komandanın debütantıdır. Andrey Popoviç, Ufuk Budak, Nizami Hacıyev və Murad Hüseynov ilk dəfə yığma formasını məhz bu il geyiblər. Debütantlardan 3-ü milliləşən legionerdir. Bunlar ukraynalı Popoviç, türkiyəli Budak və rusiyalı Hüseynovdur. Fasilədən sonra yenidən yığmaya qaytarılan Branimir Subaşiçin də legioner olduğunu nəzərə alsaq, 2011-ci ildə milliləşənlərin sayı 4 nəfər artıb. Serbiyalı Branimir kimi, yerlilər Elşən Məmmədov, Aqil Nəbiyev və Arif İsayev də 2010-cu ildə formasını geymədikləri yığmaya qayıdanlardır.

Vüqar XEYRULLAYEV
0