“Azərbaycan və alman dillərini bilmədiyimdən, sadəcə məşqə baxırdım” – MÜSAHİBƏ
17.11.2011 - 17:29
“Azərbaycan və alman dillərini bilmədiyimdən, sadəcə məşqə baxırdım” – MÜSAHİBƏ
21 yaşlılardan ibarət yığma komandamızın futbolçusu Şamil Qurbanov çıxış etdiyi Rusiyanın “Volqa” klubunun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, U-19-dən U-21-ə çağırılmaqla, irəliyə doğru addım atan müdafiəçi Almaniyadakı təlim-məşq toplanışı ilə bağlı təəssüratlarını bildirib.

- Açığı, Azərbaycanın gənclər yığmasına dəvət edilməyimi elə də gözləmirdim. Buna görə də, baş məşqçi Bernard Lippertin məni komandasında görmək istədiyini eşidincə, bir neçə gün fikirləşdim və təlim-məşq toplanışına getməyi qərara aldım. Bu, mənim üçün ilk növbədə təcrübədir. Mənim yaşımda isə bu, sadəcə, vacibdir. Almaniyada keçirdiyim 1 həftədə bunu aldım.

- Yenidən yeni kollektiv, yeni komanda...
- Bəli, ancaq uyğunlaşma ilə bağlı heç bir problemim olmadı. İlk 2 gündə təvazökar idim (gülür). Ancaq sonradan uşaqlarla dostlaşdım. Keçmiş komandamdan gənclər yığmasına 3 futbolçu çağırılıb. Bizi yaxşı qəbul etdilər. Məşqlərimiz səmərəli keçirdi. Məşqçimiz almanca danışırdı, onun dediklərini Azərbaycan dilinə tərcümə edirdilər. Mən isə nə bu, nə də alman dilini bildiyimdən, sadəcə hərəkətləri təkrar edirdim. Bu, futbolda adi vəziyyətdir və təkcə mənim üçün deyil. Azərbaycanlılardan başqa, yığmada 2 türk və 2 dağıstanlı vardı. Tərcüməçi məşqlərdə iştirak edir ki, oyunun təlimatlarını bizə çatdırsın.

- Almaniya ilə tanış ola bildiniz?
- Biz “Duysburq”un bazasında məskunlaşmışdıq. Orada gözəl stadion var. Düsseldorfa gedirdik. Ora Almaniyanın ən müasir şəhərlərindən sayılır. Çox gözəldir, çoxlu görməli yerlərə malikdir. Dar küçələri və çoxlu insanları var. Hamısı işgüzardır (gülür). Müasir Avropa şəhərində insanların necə yaşadığına baxdıq, gəzişdik və yenidən məşq etdik.

- Təlim-məşq toplanışı hansı ritmdə keçirdi?
- Adi toplanış idi, yalnız məşqlər daha çox oyunlar üzərində qurulmuşdu. Xüsusi yüklənmə yox idi, çoxlu futbol vardı. Üstəlik, 2 yoldaşlıq görüşü keçirdik.

- İlk rəqib ABŞ yığması idi. Qolsuz bərabərlik bu oyunun qanunauyğun nəticəsi idi?
- ABŞ yığmasında fərdi cəhətdən güclü futbolçuları qeyd etmək olar. Ancaq hesab edirəm ki, komanda kimi nəsə dəyərli bir şey göstərə bilmədilər. Hesab edirəm ki, biz bu oyunda qalib gəlməli idik. Yığmamız inamlı təsir bağışlayırdı. Müdafiədə yaxşı oynadıq. Hərçənd, amerikalılar qapımız qarşısında elə də təhlükəli vəziyyətlər yaratmırdılar.

- Bu, Azərbaycanın gənclər yığmasında ilk oyununuz idi. Bu dəfə hansı mövqedə oynadınız və yeni kollektivdə çıxışınız nə dərəcədə razı qaldınız?
- Məndən daha çox hansı mövqedə oynadığımı soruşdular. Dedim ki, əsasən sol cinah müdafiəçisi funksiyasını yerinə yetirirəm. Məni bu mövqeyə də qoydular. 2-ci hissədə əvəzetmə ilə meydana daxil oldum. Heç bir irad olmadı. Deməli, hər şey normaldır. Məşqçilərin bütün tələblərini yerinə yetirilmişdi. “Volqa”nın gənclər heyətində necə öyrətmişdilərsə, elə də oynadım.

- Həmin oyunda çıxışınızı necə qiymətləndirirsiniz?
- Açığı, hesab edirəm ki, oyuna pis girmədim. Həmişə özümü tənqid edirəm, hər matçda nəticələrimə fikir verirəm. Bu dəfə razı qaldım.

- Almaniyanın “Köln” klubu ilə oyundan hansı təəssüratlarınız qalıb?
- Matç bu klubun bazasında keçirildi. İlk hissədə heç hiss etmədim ki, rəqibin futbolçuları bizdən yaşlı və güclüdürlər. Layiqli oynadıq, hətta qol imkanları yarada bildik. Ancaq fasilə ərəfəsində boşaldıq, səhvlər etdik. Belə səviyyəli komandalar isə bu cür səhvləri bağışlamırlar. Sonda qapımıza vurulan qollarla cəzalandıq. Fasilədən sonra oyunumuzda çoxlu xətalar vardı. Məşqçinin isə oyunu əvəzetmələrlə gücləndirmək imkanı yox idi. Çünki bu matçdan öncə 4 futbolçumuz milli komandanın yoldaşlıq görüşünə çağırılmışdı. Sonda 0:4 hesabı ilə uduzduq.

- Bernard Lippert hansı oyunu təbliğ edir?
- Hər məşqçinin öz göstərişləri, oyun üslubu var. Yığmada daha çox mərkəz oynayırdıq. Bu mövqedə güclü futbolçular yığılmışdı. Əlbəttə, cinahlardan da hərəkət edirdik. Cinah müdafiəçilərindən daha çox hücuma keçmək xahiş olunurdu.

- Yeniyetmə yığmasından gənclər yığmasına dəvəti irəliyə doğru addım saymaq olar?
- Sözsüz ki, hə. Şadam ki, təlim-məşq toplanışında oldum. Təcrübə yığdım. Hər halda, gənclər yığması yeniyetmə yığmasından səviyyəcə yüksəkdir. Burada milli çempionatının əsas komandalarında oynayan futbolçular çıxış edir. Mən Azərbaycanın gənclər yığmasında oynamağın əleyhinə deyiləm. Rəsmi oyunlara gəlincə, hələ heç nə deyə bilmərəm. Rusiya yığmasından dəvət gözləyirəmmi? Ümid həmişə var. Əlbəttə, öz ölkənin yığmasında oynamaq istəyirsən. Ancaq bizim gənclər yığmasından dəvət almağım az inandırıcıdır. Ancaq geri qalmağı xoşlamıram. Hələ bir şans varsa, işləyəcəyəm, sonrasını isə həyat göstərəcək.
0