“Xəzər-Lənkəran” və “Qəbələ” ilə oyunlar daha çox yadımda qaldı” - MÜSAHİBƏ
17.11.2011 - 18:15
“Xəzər-Lənkəran” və “Qəbələ” ilə oyunlar daha çox yadımda qaldı” - MÜSAHİBƏ
“İnter”in futbolçusu Peter Xrappan klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, Azərbaycana gəlməsindən danışan legioner müdafiəçi Bakı və yerli futbol haqqında təəssüratlarını bölüşüb. O, həmçinin “Qarabağ”la keçiriləcək oyun barədə fikirlərini açıqlayıb.

- “İnter”ə keçidiniz necə alındı?
- Mənim Avstriya təmsilçisi “Matersburq”la müqaviləm başa çatmışdı və komandamı dəyişmək istəyirdim. O zaman futbol agenti mənimlə əlaqə saxlayaraq “İnter” variantını təklif etdi. Mən də Sloveniyada təlim-məşq toplanışında olan komandaya baxışa gəldim və tezliklə klubla müqavilə imzaladım.

- Buraya gəlməzdən öncə Azərbaycan və yerli futbol haqqında hər hansı bir məlumatınınız var idi?
- Belə bir ölkənin olduğunu bilirdim, ancaq Azərbaycan futbolu barədə, səmimi desəm, heç nə bilmirdim. Bir vaxtlar burada oynamış həmyerlim İvan Pexa mənə Azərbaycan haqqında danışmışdı, lakin o zaman hələ bilmirdim ki, tezliklə mən də bu ölkəyə gələcəyəm.

- Yeni komandaya keçən futbolçu şəraitə uyğunlaşmaqda köməyə ehtiyac duyur. “İnter”ə tez bir zamanda uyğunlaşmağınıza daha çox kim yardım etdi?
- Hamı mənə köməklik göstərdi, lakin hamıdan çox Bronislav Çervenka yardım etdi.

- Bəs “İnter”in daxilində hökm sürən atmosfer və kollektiv barədə nə deyə bilərsiniz?
- Komandada hökm sürən atmosfer həmən xoşum gəldi. Burada hər-hansı bir qruplaşma, uşaqlar arasında heç bir fikir ayrılığı yoxdur.

- Bəs Bakı şəhəri barədə təəssüratınız necə oldu?
- Bakı mənim yaşadığım son məkandan - Avstriyadan çox fərqlənir. Burada digər prinsiplər, ənənələr və digər mentalitet var. Avropada tam başqadır. Lakin etiraf edim ki, Bakı şəhəri çox xoşuma gəldi.

- Bir halda ki, Avstriyanı Azərbaycanla müqayisə etdiniz, o zaman bu ölkələrin çempionatlarını da müqayisə edərdiniz…
- Azərbaycanda klublar daha çox texniki futbol oynamağa üstünlük verirlər, əsasən yerlə ötürmələrə üstünlük verməyə çalışırlar, Avstriyadasa bir çox klublar güc futboluna meyl edirlər. Avstriya və Azərbaycan çempionatları arasında başlıca fərqlərdən biri ondan ibarətdir ki, orada əsasən yerli futbolçular oynayırlar, buradasa legionerlər üstünlük təşkil edirlər.

- Komandada artıq mövsümü yarılamısınız, onun heyətində birinci dövrəni başa vurmusunuz və Azərbaycanın bütün komandalarını görmüsünüz. “İnter”in rəqibləri arasında daha çox hansı komanda sizdə güclü təəssürat buraxdı? Sizin fikrinizcə, bu mövsüm hansı komandalar medallar uğrunda mübarizə aparacaq?
- “Xəzər-Lənkəran” və “Qəbələ” komandalarına qarşı oyunlar daha çox yadımda qaldı - bu komandalar çox ciddi və təhlükəli rəqiblərdir. Bu komandalardan başqa, fikrimcə, medallar uğrunda “Qarabağ” və “Neftçi” də mübarizə aparacaq. Ümumilikdə, bütün bu komandaların səviyyəsi təqribən eynidir.

- Növbəti turda komanda məhz “Qarabağ”la oynayacaq. Bu matç barədə nə düşünürsünüz?
- Yadımdadır ki, birinci dövrədə biz bu komandaya çətin şəraitlər üzündən məğlub olmuşduq. Belə ki, biz dəhşətli isti havada və o qədər də keyfiyyətli olmayan meydançada oynadıq və bu da, əlbəttə ki, hər iki komandaya özlərini yaxşı tərəfdən göstərməyə mane oldu. Ümid edirəm ki, hazırda daha yaxşı şəraitlərdə oynamaqla daha səviyyəli və texniki futbol sərgiləmək bizə müyəssər olacaq. Turnir cədvəli nöqteyi-nəzərindən bizə qələbə çox lazımdır, axı qalib gəldiyimiz halda və yuxarı yerlərdəki komandaların xal itirəcəkləri təqdirdə, biz daha yüksək yerə addımlaya bilərik. Bununla belə, bütün bu suallara birbaşa cavabı qarşıdakı oyun verəcək və hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini göstərəcək.

- Komandanın daxilində hansısa revanş almaq əhval-ruhiyyəsi mövcuddur? Digər sözlərlə, “İnter” birinci dövrədə məğlubiyyətin əvəzini çıxmaq üçün alışıb-yanırmı?
- Əlbəttə ki, biz revanş almaq istəyirik və qələbə qazanmağı çox istəyirik və düşünürəm ki, bu vəziyyət bizə qarşıdakı oyunda kömək edəcək.

- “İnter”lə sizin müqaviləniz birillik müddətə imzalanıb. Əlbəttə, indidən danışmaq hələ tezdir, amma hər halda bilmək istərdik, burada daha uzun müddətə qalmaq istərdiniz?
- İndiki mərhələdə məni burada istər komanda, istərsə şərait baxımından hər şey məni qane edir. Əgər müqavilənin uzadılması barədə təklif gələrsə, əlbəttə ki, ona razılıq verərəm.

- Ampluaya görə mərkəz müdafiəçisiniz. Məlumdur ki, müdafiə - “İnter”in ən güclü xətlərindən biridir və həmin mövqedə kifayət qədər yaxşı oyunçular cəmləşib. Əsas heyətdə komandanın digər müdafiəçiləri ilə rəqabət aparmaq sizə çətin deyil?
- Rəqabətdən qorxmaq lazım deyil, onu alqışlamaq lazımdır. Sağlam rəqabət həmişə karyera yüksəlişinə və tərəqqiyə təkan verir. Hər kəs sübut etməyə çalışır ki, o yaxşıdır və bu, həm futbolçulara, həm də komandaya müsbət təsir göstərir.

- “İnter”in qarşısına həmişə yüksək tapşırıqlar qoyulur. Sizin zənninizcə, bu mövsüm komanda çempionluğa nail ola bilərmi?
- Düşünürəm ki, biz buna qadirik. Hazırda yaxşı çıxış edirik və hər şey belə ruhda davam edərsə, o zaman, mənim fikrimcə, biz hədəflərimizə çata bilərik.
0