Azərbaycana vəsiqələr Qvatemalada paylanacaq
18.11.2011 - 12:11
Azərbaycana vəsiqələr Qvatemalada paylanacaq
Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi ölkələrinin Futbol Konfederasiyası (KONKAKAF) 2012-ci ildə keçiriləcək qızlar arasında dünya çempionatlarının seçmə mərhələsinin formatını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Özbəkistanda keçiriləcək U-20-lərin mundialına vəsiqələrin sahibləri Panamada, U-17-lərin Azərbaycanda təşkil olunacaq yarışın iştirakçıları isə Qvatemalada müəyyənləşəcək.

Gələn il sentyabrın 22-dən oktyabrın 13-dək Bakı və Lənkəranda keçiriləcək yarışa 3 vəsiqənin sahibinin müəyyənləşməsi üçün amerikalılar mayın 2-13-də həlledici görüşlərə çıxacaqlar. Seçmə mərhələnin final raundunda ABŞ, Kanada, Meksika və meydan sahibi Qvatemala yığmalarının mübarizə aparacağı dəqiqdir. Qvatemala turnirinə vəsiqə qazanmaq üçün təsnifat mərhələsinin oyunları isə 2 qrupda baş tutacaq. Salvador, Kosta-Rika, Nikaraqua və Panama bir, Baham adaları, Qayana, Yamayka, Trinidad və Tobaqo digər qrupda mübarizəyə başlayacaq.

Qeyd edək ki, Asiyadan 3 vəsiqənin sahibi müəyyənləşib. Bunlar Yaponiya, Çin və KXDR futbolçularıdır.