Yaşar Sultanov: Bu, çox böyük biabırçılıqdı
18.11.2011 - 16:08
Yaşar Sultanov: Bu, çox böyük biabırçılıqdı
“Turan” klubunun sabiq icraçı-direktoru Yaşar Sultanovun apasport.az saytına müsahibəsi

- Yəqin ki, vaxtilə rəhbərliyində yer aldığınız komandanın düşdüyü ağır vəziyyətdən xəbəriniz var?
- Mətbuat vasitəsilə xəbər tuturam. Yazılanları oxumaqla vəziyyətdən məlumatlıyam.

- “Turan”ın bu duruma düşməsini necə dəyərləndirirsiniz?
- Faciəvi vəziyyətdir. Baxın, tarixi keçmişə malik bir komanda nə günə düşüb... Bu, çox böyük biabırçılıqdır. Mənim ən çox oradakı uşaqlara yazığım gəlir. Bütün gələcəklərini, ümidlərini futbola bağlayıblar, futbolla yaşayırlar. Klub isə bu vəziyyətə düşüb. Məncə, bu, sonun başlanğıcıdır.

- İndi komanda rəhbərliyi növbəti oyuna çıxmaq üçün futbolçulara verməyə pul tapmır...
- Mən başa düşmürəm ki, “Turan” mövsüm öncəsi 2011/12 üçün strategiyanı müəyyənləşdirib, ya yox. Mövsümün əvvəlində illik strategiya, plan müəyyənləşməlidir, büdcə təsdiqlənməlidir. Bilməlisən ki, mövsümün sonunadək futbolçularına pul verə biləcəksənmi...

- Sizə elə gəlmir ki, belə oynamaqdansa mövsümün əvvəlində yarışa qatılmamaq daha yaxşı olardı?
- Mən də belə fikirləşirəm. Mövsümün yarısında dayanmaqdansa, heç oynamamaq daha yaxşı idi.

- Mövcud vəziyyətin yaranması sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Vəziyyətin bu həddə çatacağını gözləmirdim. Fikirləşirdim ki, komanda mövsümün sonuna kimi çıxışını normal davam etdirər. Amma indi görünür ki, heç axıradək oynamaq iqtidarında deyil.

- “Turan”ı necə xilas etmək olar: Çıxış yolunu nədə görürsünüz?
- Açığı, vəziyyət çıxılmazdır, çox çətindir. Bütün futbol ictimaiyyəti mütləq məsələyə qarışmalıdır. Ölkə futboluna rəhbərlik edən AFFA da sponsor tapılmasına kömək etməlidir. Klub rəhbərliyi isə mətbuata çıxıb, sponsorlara müraciət etməlidir. Fikrimcə, sponsorlar da bundan qaçmaz. Çünki hazır klubdur, o qədər ağır iş tələb etmir.

- Durumun belə acınacaqlı olmasında klub rəhbərliyinin günahı nə qədərdir?
- Onların əsas günahı uzaqgörən olmamaqlarıdır. Gərək, əvvəldən mövsümün sonuna qədər plan qurulaydı.

- Həmin planın olmamağı nə ilə izah oluna bilər?
- Onların futboldan o qədər başı çıxmır. Futbola yaxşı bələd deyillər. Hətta futbolçularla ünsiyyəti də bacarmırlar. Yoxsa ki, futbolçular pul olmasa belə, oynamaqdan imtina etməzdilər.

- Demək istəyirsiniz ki, pulsuz da oynayardılar?
- Bilirsiniz, futbolçularla söhbət etməyin də yolu var. Daha yaxşı ünsiyyətlə məsələni müsbət həll etmək olardı. Hər halda, futbolçuları yaxşı başa salmaqla, heç olmasa yarısını yola gətirmək olardı.

- Deməli, rəhbərlik futbolçularla dil tapmaqda da çətinlik çəkir...
- Birinə deyirlər ki, get kartof ək dolan, digərinə başqa şey. Futbolçu ilə belə danışanda, oynamaz da.

- Siz həm də vaxtilə AFFA-nın İcraiyyə Komitəsinin üzvü olmusunuz. İlin sonunda millimizin baş məşqçisi Berti Foqtsun müqaviləsi başa çatdığından, onun qalıb-qalmamağı müzakirə olunur. Bu haqda nə düşürsünüz?
- Dəfələrlə demişəm ki, Mixael Şumaxeri gətirib “Moskviç”ə otuzdursanız, effekt verməz. Biz də Berti Foqtsla heç nəyə nail ola bilmərik. Hətta Xosep Qvardiola ilə Joze Mourinyonu yığmamızda tandem şəklində çalışdırmasını istəsək də, bu futbolçularla nəticə qazanmaq olmaz. Foqts isə dünya səviyyəli mütəxəssisdir. Almaniya, Türkiyə kimi yığmaları çalışdıra bilər, bizimkini yox. Potensialı qat-qat aşağı olan futbolçularla heç nəyə nail olmaq mümkün deyil.

- Foqtsun getməsinin tərəfdarısınız. Bəs onun kim əvəzləməlidir: yerli, yoxsa əcnəbi?
- Futbolçuların səviyyəsindən yüksək məşqçi gətirmək lazım deyil. Bizim futbolçulara, futbolumuzla eyni səviyyədə olan məşqçiyə ehtiyac var. Bunun üçün elə yerli məşqçi lazımdır. Futbolçularımıza bələd, onları tanıyan gənc bir məşqçi.

- Hazırda əksəriyyət Qurban Qurbanovun namizədliyini dəstəkləyir...
- Gözləmədən yığmanı Qurbanova tapşırmaq lazımdır. AFFA rəhbərliyinin onu gənc adlandırması ilə razılaşmıram. 40 yaşlı mütəxəssisə gənc adı veririksə, onda yığmaya Əhməd Ələsgərovu gətirək də.