Rəşad Sadıqov Berti Foqtsdan daha uzaqgörən imiş...
19.11.2011 - 00:03
Rəşad Sadıqov Berti Foqtsdan daha uzaqgörən imiş...
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts və kapitanı Rəşad Sadıqov ardıcıl 4-cü dəfə dünyanın ən yaxşı futbolçusu ilə bağlı seçim etdilər. FİFA-nın sorğusunda ölkəmizi təmsil edənlərin hər ikisi ilk “üçlüy”ü açıqlayaraq, ən yaxşı futbolçu kimi Lionel Messiyə səs veriblər.

Həqiqətən də “Barselona”nın və Argentina yığmasının 24 yaşlı hücumçusu bu il əla oyun nümayiş etdirir və ardıcıl 3-cü dəfə ən yaxşı olmaq şansı böyükdür. Foqtsla Sadıqov da bir çoxları kimi Messini cari ilin ən yaxşısı sayıblar.

Baş məşqçi ilə kapitanının əvvəlki seçimlərinə nəzər salsaq, nəticənin onlar üçün uğurlu olduğunu görə bilərik. Təsadüf deyil ki, onlar yalnız 1 dəfə qalibi düzgün müəyyənləşdiriblər. Onda da Rəşada məhz Lionel uğur gətirmişdi. Foqts isə yaxşı seçim etməyi ilə öyünə bilməz. O, ilk 2 dəfə İspaniya yığmasının futbolçularını – David Vilya ilə Fernando Torresə, sonuncu dəfə isə Uruqvay millisinin lideri Dieqo Forlana 1-ci yerdə səs verib. Ancaq həmin futbolçular ən yaxşı ola bilməyiblər.

Əvəzində 65 yaşlı almaniyalı mütəxəssis hər dəfə yerlipərəstliyini nümayiş etdirib. Belə ki, Foqts hər dəfə ilk “üçlük”də mütləq bir həmyerlisini göstərir. Bu, 2 dəfə Mihael Ballak, sonradan Tomas Müller, indi isə Bastian Şvaynştayger olub. Ancaq hələlik bu alman futbolçular “üçlük”də olmayıb. Bu il Almaniya yığmasında ən yaxşı oyun göstərən Mario Qomes olsa da, Foqts millimizin də qapısına yol tapan həmin məhsuldar hücumçuya, ümumiyyətlə səs verməyib.

Foqts tərəfkeşliyini ötən ilin ən yaxşı məşqçisini müəyyənləşdirməkdə də göstərdi: Almaniya yığmasının çalışdırıcısı Yoahim Lövə səs verməklə. Rəşad isə “İnter”ə çoxsaylı titullar qazandıraraq, ardından Madrid “Real”ın “sükanı arxası”na keçən portuqaliyalı Joze Mourinyoya səs vermişdi. İndi Foqts şotlandiyalı Aleks Ferqyussonu (“Mançester Yunayted”), Sadıqov ispaniyalı Xosep Qvardiolanı (“Barselona”) ilin ən yaxşı məşqçisi kimi göstərib. Çempionlar Liqasının son finalında Qvardiolanın Ferqyussona qalib gəldiyini nəzərə alsaq, 29 yaşlı kapitan daha şanslıdır.

2008-ci il
Berti Foqts: David Vilya (“Valensiya”, İspaniya), Lionel Messi (“Barselona”, Argentina), Mihael Ballak (“Çelsi”, İngiltərə)

Rəşad Sadıqov: Fernando Torres (“Liverpul”, İngiltərə), Kriştianu Ronaldo (“Mançester Yunayted”, Portuqaliya), Lionel Messi (“Barselona”, Argentina)

Qalib: Kriştianu Ronaldo

2009-cu il
Berti Foqts: Fernando Torres (“Liverpul”, İspaniya), Mihael Ballak (“Çelsi”, Almaniya), Con Terri (“Çelsi”, İngiltərə)

Rəşad Sadıqov: Lionel Messi (“Barselona”, Argentina), Xavi Ernandes (“Barselona”, İspaniya), Kriştianu Ronaldo (“Real”, Portuqaliya)

Qalib: Lionel Messi

2010-cu il
Berti Foqts: Dieqo Forlan (“Atletiko”, Uruqvay), Tomas Müller (“Bavariya”, Almaniya), İker Kasilyas (“Real”, İspaniya)

Rəşad Sadıqov: Uesli Sneyder (“İnter”, Hollandiya), Xavi Ernandes (“Barselona”, İspaniya), Dieqo Forlan (“Atletiko”, Uruqvay)

Qalib: Lionel Messi

2011-ci il
Berti Foqts: Lionel Messi (“Barselona”, İspaniya), Bastian Şvaynştayger (“Bavariya”, Almaniya), Ueyn Runi (“Mançester Yunayted”, İngiltərə)

Rəşad Sadıqov: Lionel Messi (“Barselona”, Argentina), Kriştianu Ronaldo (“Real”, Portuqaliya), Məsut Özil (“Real”, Almaniya)

Qalib: ???

Mehman SÜLEYMANOV
0