AFFA Lozannada təbliğat aparır - FOTOSESSİYA
18.11.2011 - 16:51
AFFA Lozannada təbliğat aparır - FOTOSESSİYA
2012-ci ildə Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlarası dünya çempionatının yerli təşkilat komitəsinin Media, Kommunikasiya və PR əməkdaşları İsveçrənin Lozanna şəhərində keçirilən City Eventstədbirində iştirak edirlər. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, dünyanın idman şəhərlərinin, eyni zamanda idman federasiyalarının və müxtəlif şirkətlərin iştirakı ilə təşkil olunan bu illik konfrans 16-18 noyabr 2011-ci il tarixləri arasında keçirilir və tədbirdə 300-ə yaxın nümayəndə iştirak edir.

Azərbaycanı FIFA U-17 qadınlararası dünya çempionatı ilə təmsil edən Emiliya Kazımova və Şəbnəm Alməmmədova konfrans iştirakçılarına Azərbaycan, onun mədəniyyəti, şəhərləri, ölkədə idmanın inkişafı və gələn il keçiriləcək dünya çempionatı haqqında məlumat verirlər.

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin stendi qonaqların xüsusi diqqətini cəlb etmişdir. Azərbaycan nümayəndə heyəti Eurosport kanalı, Sportcal jurnalı, Sport Biznes agentliyi, Beynəlxalq Universitet İdman Federasiyası, FIFA qadınlararası dünya çempionatı Almaniya 2011 nümayəndələri ilə, eyni zamanda BMT İnkişaf və Sülh üçün İdman bölməsinin rəhbəri və digər nüfuzlu təşkilatların nümayəndələri ilə görüşmüş və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmişlər. Bu kimi tədbirlərdə iştirak Azərbaycanda keçiriləcək dünya çempionatı haqqında beynəlxalq təşkilatların məlumatlandırılmasında, eyni zamanda dünya təşkilatları ilə əlaqələr qurulmasında müstəsna rol oynayır.

Qeyd edək ki, FIFA U-17 qadınlararası dünya çempionatı 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixləri arasında Azərbaycanda keçiriləcək. Çempionat zamanı 16 ölkənin 17 yaşadək qızlardan ibarət komandaları qalibiyyət uğrunda yarışacaq. Bu, Avropada keçiriləcək ilk U-17 qadınlararası dünya çempionatıdır və Azərbaycanda təşkil olunacaq ən böyük futbol tədbiridir.