“Turan”da xərcim qazancımdan 2 dəfə çox olub” - MÜSAHİBƏ
19.11.2011 - 00:01
“Turan”da xərcim qazancımdan 2 dəfə çox olub” - MÜSAHİBƏ
“Turan” klubunun futbolçusu Ayxan Abbasovun apasport.az saytına müsahibəsi

- Komandada son vəziyyət necədir?
- Klub prezidenti Musa Süleymanov və baş məşqçi Əsgər Abdullayevlə söhbətimiz oldu. Musa müəllim dedi ki, borcları ödəməyə gücü çatmır. Bunu açıq şəkildə boynuna aldı. Biz də qalmağı məqsədəuyğun saymadıq və Tovuza getmirik. Bakıda formamızı saxlamaq üçün məşq edirik.

- Problem təkcə borcla bağlı idi?
- Əslində, söhbət tək puldan getmir. Klubda pis atmosfer yaranıb. Təsəvvür edin ki, ötən tur “İnter”lə oyundan öncə 2 gürcü futbolçu meydana çıxmayacağını bildirib, evlərinə getdilər.

- Kimlər?
- Zura Dzampsaşvili və Georgi Beraşvili. Baş məşqçi də boşluqları doldurmaq üçün heyəti dəyişməyə məcbur oldu. Bu da sonra nəticəyə təsir edir, uduzuruq. Yəni, məsələ tək bizlə bağlı deyil. Azərbaycanlı futbolçuları birtəhər yola gətirmək olur, biz neçə vaxtdır güzəşt edirik. Ancaq legionerlər belə etmirlər və nəticədə komanda daxili atmosfer korlanır. Belə mühitdə futbol oynamaq olmaz.

- Komandanın gələcək taleyini necə görürsünüz?
- Eşitdiyimə görə “Turan” “Bakı” ilə oyuna əvəzedici heyəti çıxarmalı olacaq. Əsas komandanın futbolçu tapa bilməməyi acınacaqlı haldır. Belə gedişlə, “Turan” Premyer Liqada yerini qoruya bilməyərək, I diviziona düşəcək. Bütün milli çempionatlarımızın iştirakçısı olan belə köklü klubun indiki durumu təəssüf doğurur.

- Rəhbərlik borcu verə bilməməyini nə ilə əlaqələndirir?
- Onlara kənardan maddi dəstək göstərəcəklərinə söz veriblər. Ancaq həmin kömək olmadığından, klub maddi sıxıntı keçirir. Özümə sual verirəm ki, belə vəziyyətdə olan komandada oynamağa dəyərmi? Cavabım “yox” olur. Ona görə də qayıtmaqdansa, elə Bakıda qalıb, oynamamaq yaxşıdır.

- Bəs borcunuz verilsə necə?
- Pulum verilsə, qayıtmalıyam. Çünki “Turan”la müqaviləm var. Qarşı tərəf öhdəliyini yerinə yetirsə, biz futbolçular oynamalıyıq. Ancaq hələlik qayıtmayacağıq.

- Legionerlər hardadır?
- Tovuzda. Stadionda dövrə vururlar. Onlar da pullarını istəyirlər. Əgər verilməsə, oyuna çıxmayacaqlar. Bir sözlə, “Turan”da problem çoxdur. Ən əsası, atmosfer yaxşı deyil. Birinin evində problemi var, biri məşqə çıxmır, digəri oyuna çıxmayacağını deyir. Belə atmosferdə necə oynamaq olar? Halbuki, Tovuza futbol oynamağa, komandaya kömək etməyə getmişdik. “Turan” iddialı olan vaxtda şərəfini qorumuşuq. Orada yaxşı günlərimiz keçib, yaxşı azarkeşlərimiz, vaxtilə yaxşı şərait olub.

- Ancaq “Turan”da ötən mövsüm də maddi problem vardı...
- Doğrudur. Ancaq baş məşqçi Əsgər Abdullayev bizimlə görüşdə dedi ki, rəhbərlik cari mövsümdə hər şeyin yaxşı olacağına söz verib. Biz də Tovuza böyük ümidlərlə getdik, aybaay maaşımızı alacağımızı düşündük. Legionerlərin mövsümün əvvəlində maddi problemləri yoluna qoyulmuşdu, müəyyən məbləğ almışdılar. Onların əvvəlki klubları ilə müqavilə məsələləri həll olunmuşdu. Bizdə isə belə problem olmadığı halda, maaşımızı ala bilmirik.

- “Turan”da keçirdiyiniz 4-5 ayda maddi qazancınız nə qədər olub?
- Olmayıb. Mükafat almışıq, hardasa 1000 dollar olar. Ancaq bundan çox xərcləmişik. Özünüz fikirləşin, bir dəfə Tovuza gedib-gələndə 100 manat xərclənir.

- Belə çıxır ki, bu müddətdə aldığınızdan 2 dəfə çox xərcləmisiniz?
- Bəli, xərclərimiz 2000 dollar təşkil edər.

- Bir sözlə, borcu olduğu üçün klub sizi saxlaya bilməz...
- Bizdən xahiş edirdilər ki, 1 oyun da gözləyin, “Bakı” ilə oyundan sonra problem həll olunacaq.

- Köhnə söhbət...
- Ay sağ ol. Ondansa, elə evimizdə oturmaq yaxşıdır.

- Əsas günahı rəhbərlikdə görürsən?
- Günah hamıdadır. Kimsə kiməsə söz verib bunu etmirsə, bunun əziyyətini çəkirik. Burda biz futbolçuların nə günahı var? Hər birimiz ailəmizi onu dolandırmalıyıq. Ancaq futbolçuların qazandığı pulları vermirlər.

- Yəni, futbolçuları aldadırlar...
- Bəli, biz futbolçular zərbə altında qalırıq. Ona görə də dekabrda mənim “Turan”a bağlılığım qalmayacaq. Yəni, indidən transfer kağızımızı demək olar almışıq.

- Kimlər?
- Mənimlə Aftandil Hacıyev. 2 aya yaxın vaxtım qalıb. Bundan sonra istəsəm “Turan”da qalaram, istəsəm yox. Bu, artıq mənim özümdən asılı olacaq. Artıq 4 aydır çətinliklə oynayırıq. Sabah “Turan” I diviziona düşsə, günahı biz futbolçularda görəcəklər. Deyəcəklər, Ayxan Abbasov, Aftandil Hacıyev, Nadir Nəbiyev və sair onda komandada oynayırdılar. Başlayacaqlar adımızı hallandırmağa. Mən isə bunda iştirak etmək istəmirəm. Belə baxanda, elə indi ayrılmaq yaxşıdır.

- Əsgər Abdullayev baş məşqçi postunda qalacaqmı?
- Dəqiq deyə bilmərəm. “Bakı” ilə oyuna komandanı o, yoxsa başqası çıxaracağı haqda məlumatım yoxdur. Bildiyim odur ki, Əsgər müəllim hazırda Tovuzda yox, Bakıdadır.
0