Mehman Allahverdiyev: Ehtiyatda qalanlar belə məqamları gözləyirlər
19.11.2011 - 00:02
Mehman Allahverdiyev: Ehtiyatda qalanlar belə məqamları gözləyirlər
“Komanda AZAL-la oyuna yaxşı hazırlaşıb. Qələbə qazanacağımıza inanıram”. Bu sözləri apasport.az saytına “Kəpəz” klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.

Mövsümün I dövrəsində Gəncədə AZAL üzərində inamlı qələbə qazanan “Kəpəz” bununla da diqqət mərkəzinə düşmüşdü. Çünki həmin görüşdən əvvəlki turda “təyyarəçilər” “Neftçi”ni xalsız qoymuşdular. Bu səbəbdən gəncəlilərin qələbəsi bir növ gözlənilməz olmuşdu.

Maraqlıdır ki, AZAL üzərində qələbə “Kəpəz”in hələlik cari çempionatda sonuncu qələbəsidir: “Sonuncu qələbəmizi məhz AZAL-la görüşdə qazanmışdıq. Bu dəfə də 3 xalı aktivimizə yazdırmaq istəyirik”.

Heyətlə bağlı da məlumat verən Allahverdiyev Ceyhun Sultanovun oynamayacağını təsdiqlədi: “Ceyhun xəstədir. Onun mövqeyində meydana buraxacağımız futbolçu var. Orta xətdə boşluq yaranacağına inanmıram. Həm də ehtiyatda oturan futbolçular üçün bu fürsətdi. Onlar belə məqamları gözləyirlər”.

Rəqib komandaya məşqçilər korpusunun rəhbərlik etməsinə də diqqət yetirdiklərini deyən baş məşqçi Rafiq Mirzəyevin güclü mütəxəssis olduğunu qeyd edib: “Futbolda belə şeylər olur. İndi “Qəbələ”yə də məşqçilər korpusu başçılıq edir. AZAL-dakı həmkarlarımdan Rafiq Mirzəyev güclü mütəxəssisdir. Komandasına ilk oyundaca qələbə qazandırdı”.

Rəqibi hansı üsulla vuracaqlarını müəyyənləşdirən mütəxəssis yetirmələrindən hücum etmələrini istəyəcək: “Oyundan oyuna fərq var. AZAL əvvəlki 7 oyunu necə keçirdi, “Qəbələ”yə qarşı hansı tempdə oynadı? Biz ancaq hücum etmək haqda düşünürk”.

Sonda baş məşqçi qış tranfer dövrü ilə bağlı da fikirlərini açıqladı: “Qış fasiləsinə yollanan zaman ilk “altılıq”a düşməyə şansımız olsa, heyəti gücləndirəcəyik. Yox, bunu bacarmasaq, əlavə futbolçu nəyimizə gərəkdir?”