Səfərov erməniyə gücünü göstərdi, Şirinli bürünc qazandı
18.11.2011 - 17:55
Səfərov erməniyə gücünü göstərdi, Şirinli bürünc qazandı
Rusiyanın Tümen şəhərində 23 yaşadək gənclər arasında cüdo üzrə Avropa çempionatında ilk günün nəticələri məlum olub. Apasport.az saytının məlumatına görə, yarışa 9 cüdoçu ilə yollanan Azərbaycan milli komandasının heyətində birinci yarış günündə 5 idmançımız qüvvəsini sınayıb.

Onlardan isə yalnız 60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli bürünc medala layiq görülüb. Həmyerlimiz əvvəlcə hollandiyalı Marsiano Lantinqa, ardınca türkiyəli Şahin Əhmət Kabaya qalib gəlib. Lakin yarımfinalda Robert Mşvidobadzeyə (Rusiya) uduzub. Buna baxmayaraq, Şirinli ruhdan düşməyib və təsəlliverici qarşılaşmada rumıniyalı Kladiu Lazeaya qalib gəlib.

Bu çəkidə digər təmsilçimiz Orxan Səfərovun da çıxışını inamlı saymaq olar. Düzdür, o medal qazanmasa da, Ermənistanı təmsil edən Qriqor İvanyanı ippona salmağı ilə öyünə bilər. Onun fəxri kürsüyə gedən yolunu isə ikinci görüşündə bolqarıstanlı Yanislav Gerçev kəsib.

Çüdoçularımızdan Dilqəm Əliyev və Sərxan Əhmədov (66 kq) ilk görüşlərində uduzublar. Qadınların yarışında yeganə təmsilçimiz Turanə Seyidi (52 kq) isə 7-ci yeri tutub.

Qeyd edək ki, 3 gün davam edəcək çempionatda Rüstəm Orucov (73 kq), Rüstəm Alimli, Tural Səfquliyev (hər ikisi 81 kq) və Şahin Qəhramanov (90 kq) hələ mübarizəyə qoşulmayıblar.