“İnter” - “Qarabağ”: Yubileydə kim sevinəcək?
19.11.2011 - 11:30
“İnter” - “Qarabağ”: Yubileydə kim sevinəcək?
Premyer Liqanın XIII turunda üz-üzə gələcək “İnter” və “Qarabağ” komandaları artıq neçə illərdir Azərbaycan çempionatı bir-birinə rəqib olub. Apasport.az-ın məlumatına görə, paytaxt klubunun rəsmi saytı klubların rəqabətinin tarixinə həsr olunan yazı hazırlayıb. 2004-cü ildən “Xəzər Universiteti”nin bazasında yaradılan “İnter”in həmin vaxta qədərki oyunları bu yazıda nzərə alınmayıb. Belə yanaşma ilə isə komandalar 25-ci, yubiley matçına çıxacaq.

Rəqiblər ilk dəfə 2004/05-ci il mövsümündə qarşılaşıblar. Komandaların birinci qarşılaşması “Qarabağ”ın meydançasında keçirilib və oyun meydan sahiblərinin 3:1 hesabıyla başa çatıb. Hər iki komanda bir-birilərilə 24 dəfə qarşılaşıblar. Bu oyunlardan 19-u Azərbaycan çempionatının, 5 oyun isə kubok yarışlarının payına düşür. 24 oyundan 10-da bakılılar daha güclü olub, 5 qarşılaşmada qalib müəyyənləşməyib, 9 görüşdəsə “Qarabağ” qalib gəlib. Vurulmuş toplar arasında fərq 20:19 “İnter”in xeyrinədir.

“İnter” – “Qarabağ” qarşılaşmasının ən populyar hesabı 1:0-dır. Bu nəticə 24 oyundan 14-də qeydə alınıb. Qeyd edək ki, Azərbaycan çempionatında “Qarabağ”a qarşı keçirdiyi ev oyunlarında “İnter” meydanı 6 dəfə qalib kimi tərk edib, 1 dəfə sülh bağlayıb və 2 matçda qonaqlar güclü olublar. Bu qarşılaşmalarda vurulan toplar arasında fərq 9:5 “İnter”in xeyrinədir.

Qeyd edək ki, sayca 25-ci olacaq “İnter”-“Qarabağ” matçı noyabrın 20-də keçiriləcək. Qarşılaşma saat 18.00-da “Şəfa” stadionunda baş tutacaq.