“Şərait daha yaxşı olsa, mən əvvəlkindən də güclü Allahverdiyevəm”
19.11.2011 - 12:15
“Şərait daha yaxşı olsa, mən əvvəlkindən də güclü Allahverdiyevəm”
Gəncənin “Kəpəz” klubunun baş məşqçisi Mehman Allahverdiyevin apasport.az saytına müsahibəsi

- Bu gün sizi AZAL-la səfər oyunu gözləyir. Elxan Abdullayevin istefasından sonra rəqibin daha yaxşı təsir bağışladığını nəzərə alsaq, hansı nəticəyə ümid edirsiniz?
- Görüşə yaxşı hazırlaşmışıq. Komanda meydana qələbə üçün çıxacaq. Çünki biz artıq 7 oyundur qələbə qazana bilmirik. Ümumilikdə, komanda pis təsir bağışlamır. Amma nəticələr heç də yaxşı deyil. Bu uğursuzluğa AZAL-la görüşdə son qoymağa çalışacağıq. Hesablamışam, bu oyunda qələbə qazanmaqla i, “altılığ”a bir qədər də yaxınlaşacağıq.

- Siz hələ də “altılığ”a düşməyə ümid edirsiniz?
- Əlbəttə ki. Bizim “altılığ”a düşmək şansımız hələ də qalır. Çünki arada elə də böyük xal fərqi yoxdur.

- Amma sizdən qabaqda olan rəqiblər də yerlərində saymayacaqlar...
- O məlumdur ki, digər komandalar da yaxşı nəticəyə kökləniblər və qələbəyə ümidlidirlər. Amma biz də kənara çəkilmək niyyətində deyilik.

- Komanda yaxşı təsir bağışlayırdı. AZAL, eləcə də “Bakı” üzərində qazanılan qələbə komandanın perspektivindən xəbər verirdi. Nəticələrin birdən-birə zəifləməsinə səbəb nədir?
- Ciddi səbəb yoxdur. İnsan gərək düzün danışsın. Bizim üçün normal şərait yaradılır. Sadəcə, hər bir komanda üçün qeyri-sabit dönəm qaçılmazdır. Gözlənilməz bir şəkildə səfərdə “Simurq”a uduzduq. Ardından “Sumqayıt Şəhər”lə evdə heç-heçə oynadıq. Heç nə yox, Sumqayıt klubu ilə ev qarşılaşmasında itirdiyimiz 2 xalın əziyyətini çəkirik. Amma komanda yaxşı oyunlar da keçirib. Bilirsiniz ki, Sumqayıt klubu ilə oyun ərəfəsində atam rəhmətə getdi. Hazırlığın müəyyən qisminə qatıla bilmədim. Hətta bu oyunun ikinci hissəsində özümü stadiona güclə çatdırdım.

- Komandanın lideri Ceyhun Sultanov AZAL-la matçda meydançaya çıxmayacaq. Onun oynamamağına səbəb nədir?
- Ceyhun yaxşı futbolçudur. Onun komanda üçün nə qədər faydalı olduğunu hər kəs yaxşı bilir. Amma futbolçunun zədədən yayınması da mümkün deyil. Ceyhun ağrıdığını bildirib. Biz Sultanov cəzalı olanda “İnter”ə qarşı oynamışıq. Güclü rəqiblə görüşdə heç-heçəyə nail olmuşuq.

- Onun kənarda qalmasının Vidadi Rzayevlə arasında baş verən insidentlə heç bir əlaqəsi yoxdur ki?
- Qətiyyən. Düzdür, aralarında narazılıq olub. Amma səhəri gün oturub söhbət ediblər, münasibətləri normallaşıb.

- Vidadi Rzayev-Ceyhun Sultanov məsələsindən öncə Vasif Haqverdiyevlə Armand Feutçinin dalaşması barədə xəbərlər yayıldı. Sizcə, komandanın sirrini yayan var?
- Düzünü desəm, bu məsələlər məni də düşündürür. Komanda bir ailədir. Ailədə söz-söhbət də ola bilər. Komandanın sirrini yayanı tanımıram, tapa bilmirəm. Əgər belə bir adam varsa, əlbəttə, düz iş görmür. Armand və Vasifin söhbətinin necə sızması isə hələ də mənə qaranlıqdır. Həmin məşq Samuxda baş tutmuşdu. Samuxdan Gəncəyə gələnə qədər artıq jurnalistlər mənə Bakıdan zəng vurub bu barədə soruşurdular. Necə oldu, bilmədim.

- Vaxtilə “Kəpəz”lə üç dəfə ölkə çempionu olmusunuz. İndi həmin gücü komandanızda və özünüzdə hiss edirsinizmi?
- Müasir futbolda maliyyə məsələsi vacibdir. Roman Abramoviç gələnə qədər “Çelsi” nə idi ki? Mən diqqət və qayğıdan gileylənmirəm. Amma Azərbaycanda elə klub var ki, onun 1-2 futbolçusuna verdiyi maaş bizim ümumi aylıq xərcimizdir. Sizə deyim ki, şərait daha yaxşı olsa, mən əvvəlkindən də güclü Mehman Allahverdiyevəm. Komandanı ac-susuz da çempion etmişəm. Amma indiki vəziyyətdə maliyyə əsas şərtdir. Əgər 7-8 il işsiz qalmasaydım, mənim nəticələrim indikindən daha yaxşı olacaqdı. Buna şübhəniz olmasın.

- Ukraynalı Yuri Fomenko Azərbaycanda təzə olanda daha yaxşı təsir bağışlayırdı. Amma getdikcə fərqlənmədi. Onun oyununun keyfiyyətindən razısınız?
- Fomenko yaxşı futbolçudur. Güclü zərbələri var, başla yaxşı oynayır. Amma çatışmayan cəhətləri də mövcuddur.

- Artıq qış fasiləsinə az qalıb. Komandada dəyişikliklər olacaqmı?
- Mən belə fikirləşirəm ki, olmalıdır. Bizim komanda daha da güclənməlidir.