“Məni milli komandaya dəvət etməzlər”
20.11.2011 - 00:02
“Məni milli komandaya dəvət etməzlər”
Azərbaycan yığmasının sabiq baş məşqçisi, futbolda yeganə olimpiya çempionumuz İqor Ponomaryovun apasport.az saytına müsahibəsi

“Axı yarım ilə necə nəticə verim?”

- Çoxdandır sizdən soraq yoxdur. İşləriniz necədir?
- Sağ olun, yaxşıdır. Hələlik yeni bir şey yoxdur, işləmirəm. Gözləyirəm (gülür).

- Artıq 2 ilə yaxındır gözləyirsiniz...
- Nə etmək olar? Nə vaxtsa işləməyə şans verəcəklər. Elə deyil?

- Yəqin ki...
- (gülür) Elə mən də buna ümid edirəm. Deyirlər, yazırlar ki, işlədi amma nəticə vermədi. Axı yarım ilə necə nəticə vermək olar?

- Dediyiniz müddət nəticə qazanmaq üçün azdır...
- Ona görə də məşqçidən nəticə istəmək üçün ona vaxt vermək lazımdır. Lap 6 ay – 1 il işləsəm də, hesab edirəm bu müddətdə istənilən halda, pis nəticə göstərmədim.

- Bu müddətdə heç bir variantınız, təklif olmayıb? Bəlkə olub, sadəcə nəsə sizi qane etmədiyindən imtina etmisiniz?
- Siz Azərbaycanı nəzərdə tutursunuz?

- Ümumiyyətlə...
- Açığı, kənardan təklif gözləmirəm. Qarşıma məqsəd qoymuşam ki, yalnız vətəndə işləyim. Ona görə təkcə Azərbaycandan təklif gözləyirəm, başqa yerdən yox. Belə fikirləşirəm ki, gəlsəm, yalnız öz vətənimdə işləyəcəyəm. Bu, mənim üçün ən yaxşı variantdır, vəssalam.

- Vətəndə variant yoxdursa, niyə də başqa ölkədən gələn təklifi qəbul etməyəsiniz?
- Bilmirəm. Hətta bununla bağlı cəhd etməmişəm. Öz-özümə demişəm ki, ancaq Azərbaycanda işləyəcəyəm. İşləməyəcəyəmsə, deməli, belə də olacaq.


“Günorta 1 saat velosiped sürürəm”

- Deməli, işsiz qaldığınız müddətdə Azərbaycandan təklif almamısınız?
- Xeyr.

- Ümumiyyətlə, Azərbaycandan sizə zəng edib, hal-əhvalınızı soruşan, işlərinizlə maraqlanan var?
- Əlbəttə, mənimlə əlaqə saxlayırlar. Dostlarımla, İsgəndər Cavadovla danışıram.

- Yeri gəlmişkən, bu ayın 1-də Cavadov 55 illik yubileyini keçirdi...
- Bəli, bundan xəbərdaram. Mən də onun yubileyinə gəlməli idim.

- Bəs niyə gəlmədiniz?
- Həmin vaxtda yetərincə vaxtım yox idi. Əlbəttə, dostumun ad gününə gəlməyə hazırlaşırdım. Ancaq sonradan bəzi problemlər çıxdı, İsveçdə bəzi həll ediləsi işlər çıxdı.

- Avropada işsiz yaşamaq çətindir. Sirr deyilsə, maddi dolanışığınızı necə təmin edirsiniz?
- (ürəkdən gülür) Açığı, işsiz yaşamağın çətin, yaxud asan olmağı haqda heç düşünməmişəm də. Hər şey normaldır, maddi cəhətdən problemim yoxdur. Yeni ümidlərlə yaşayıb, gözləyirəm. Səhər məşq edirəm, günorta 1 saat velosiped sürürəm.

- İsveçdə qazanc gətirən obyektiniz varmı?
- Yox.

“Çempionat, ümumiyyətlə görünmür”

- Futbolumuz haqda hansı son məlumatlarınız var?
- Saytlardan xəbərləri oxuyuram, vəssalam.

- Sizi daha çox hansı xəbərlər, hansı hadisələr maraqlandırır?
- Heç nə maraqlandırmır, heç nə də təəccübləndirmir. Əvvəl necə idisə, indi də elə. O, təəccübləndirir ki, hələlik yerimizdə addımlayırıq, irəliyə doğru addım yoxdur.

- Milli komandanı nəzərdə tutursunuz?
- Tək yığmanı yox, ümumi Azərbaycan futbolunu. Bir neçə futbolumuz var ki, artıq özlərini yaxşı tərəfdən göstərməyə başlayırlar. Bu, xoşdur. Ancaq ümumilikdə, hələ heç nə görünmür. Yalnız Təbriz Həsənovun baş məşqçisi olduğu 17 yaşlılardan ibarət yığmanın nəsə etdiyi hiss olunur. Çempionat, ümumiyyətlə görünmür.

- Sizcə, niyə belədir?
- Bilmirəm. Bunun səbəbini dəqiq demək çətindir. Yəqin ki, çoxlu amillər var. Mənə elə gəlir ki, klublarımız daha çox legioner cəlb etməyə çalışırlar. Əlbəttə, indi gətirilən legionerlər əvvəlkilərdən daha yaxşıdır. AFFA gənc futbolçuların inkişafı üçün çox iş görür. Ancaq ola bilər ki, daha genişlənmiş planda işləmək lazımdır. Bilirəm ki, “Xəzər Lənkəran” və “Qəbələ” kimi klublar futbolun inkişafı üçün iş görməyə çalışırlar. Ancaq fikrimcə, bütün bunlar müəyyən vaxt aparacaq. Sadəcə, indi yerimizdə addımlayırıq. Prinsipcə, gələcəkdə yaxşı ola bilər.

- “Xəzər Lənkəran”ın “Neftçi”yə 0:5 hesablı məğlubiyyəti də sizi təəccübləndirmədi?
- Qətiyyən yox. Çünki bu nəticə ilə istənilən komanda üzləşə bilər. Burada qəribə heç nə yoxdur. “Barselona” və “Real” da 0:5 hesabı ilə uduzub. Məşhur klublar bundan da böyük hesabla məğlub olublar. Belə uçurumlar olur. Sadəcə, bir komandada həmin gün hər şey alındı, o birisində isə heç nə alınmadı.

“Qoy yenə Ramiz Məmmədov “Qəbələ”də işləsin”

- Toni Adamsın “Qəbələ”nin baş məşqçisi postundan istefa verməsindən xəbərdarsınız?
- Bəli.

- Bu xəbər də sizi təəccübləndirmədi?
- Yox, təəccübləndirmədi.

- Bunu gözləyirdiniz?
- Futbola pul qoyan insanlar var. Onlar ümid edirlər ki, gələn əcnəbilər nəsə edəcəklər. Ancaq həmin əcnəbilər heç nə edə bilmirlər. Çünki hazırda nəsə etmək üçün bir şey yoxdur. Ona görə də həmin əcnəbi mütəxəssislərə nəticə qazanmaq çətindir. Bir məşqçi gəlir, əvvəlkilərin hamısını çıxarır, yeni komanda yığır. 6 ay keçir, o gedir, yeni komanda gəlir. Yəqin ki, daha çox yerli futbolçulara bel bağlamaq lazımdır. Onların yanında isə səviyyəli legionerlərin olması lazımdır və bunların sayı çox olmalıdır.

- Bəlkə “Qəbələ” baş məşqçi postuna sizi gətirdi? Hər halda, siz vətəndən təklif gözləyirsiniz...
- İnanmıram, çünki yetərincə kənara çəkilmişəm (gülür). “Qəbələ”nin dəvət etməyi üçün nəsə bir şey olmalıdır. Yəqin ki, onlar yenə Adams kimi mütəxəssisə bel bağlayacaqlar. Ramiz Məmmədov orada normal çalışırdı, nəsə edirdi. Qoy yenə Ramiz işləsin. Niyə də yox? “Qəbələ”ni yaxşı tanıyır, orada işin necə getdiyini, yerli futbol məktəbini bilir. Məncə, yenə ona güvənmək lazımdır. Yaxud o qədər işsiz məşqçilərimiz var ki, onları dəvət etmək olar. Elə Ağasəlim Mircavadov. Onlara işləməyə imkan yaratmaq lazımdır. Onlar həqiqətən də nəticə veriblər.

“Foqtsun taktiki sxemini mən 2000-ci ildə oynadırdım”

- Milli komandamızda rekord sizin vaxtınızda seçmə mərhələdə qazanılan 5 xal idi. Berti Foqts ötən seçmə mərhələdə 7 xal toplamaqla, yeni rekordçu oldu. Almaniyalı mütəxəssisin bu nəticəsinə, rekordunuzun artıq keçmişdə qaldığına görə qısqanmadınız?
- Belə deyərdim ki, komandamızın hazırda oynadığı taktiki sxemlə hələ 2000-ci ildə mən gələndə oynayırdıq. Bu, artıq həmin vaxt sınaqdan çıxarılmışdı. Ondan sonra hamı deyirdi ki, yox, belə oynamaq olmaz. Bu taktiki sxem bizə uyğun gəlmir. Niyə uyğun gəlmir ki? Gəlirdi. Milli komanda bu taktiki sxemlə yaxşı oynayırdı da. Sadəcə, həmin vaxt bizim oyunlar indikindən az idi. Foqts bizdən 2-4 oyun artıq keçirir və təbii ki, bu zaman xal qazanmaq şansı çox olur. Ona görə də niyə də çox xal toplamasın? Elementar onu götürək ki, mənim vaxtımda yığdığım 5 xalla da müqayisə olunmaq olmaz. Milli komanda bu 10 ildə daha yaxşı oynamalı, daha çox xal yığmalı, daha çox irəli getməlidir. Əvvəlkindən çox toplanıbsa – bu, artıq müsbətdir.

- İndi əsas müzakirə mövzusu Foqtsun milli komandamızda qalıb-qalmayacağı ilə bağlıdır. Buna yaxın vaxtlarda AFFA-nın İcraiyyə Komitəsinin iclasında qərar veriləcək. Sizin bu məsələdə fikriniz necədir? Yerli, yoxsa əcnəbi variantının tərəfdarısınız?
- Açığı, özümüzdə də milli komandaya rəhbərlik edə biləcək baş məşqçilər var. Həmin yerli məşqçilər Azərbaycan futbolunda müəyyən ad qoyublar və futbolumuz üçün nəsə ediblər.

- Siz namizədliyi daha çox hallandırılan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu nəzərdə tutursunuz?
- Təkcə onu yox. Deyə bilmərəm ki, namizəd yalnız odur, başqa keçmiş futbolçular da var. Elə həmin Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Tərlan Əhmədov, Qurban Qurbanovun futbolumuzda müəyyən xidmətləri olub. Yəni, konkret kimisə fərqləndirmirəm. Ola bilər ki, onlarla indikindən daha yaxşı nəticə olsun.

“Mən Azərbaycan futbolu üçün az iş görmüşəm”

- Yəqin ki, özünüzü namizədlər arasında görürsünüz. Hər halda, futbolumuzda xidmətləriniz olub, ən azından yeganə olimpiya çempionusunuz...
- Bunu qeyd etdiyinizə, xoş sözlərə görə çox sağ olun. Təbii ki, mən də Azərbaycan futbolu üçün nəsə etmişəm. Hesab edirəm ki, Azərbaycan futbolu üçün az iş görmüşəm. Onu demək istəyirəm ki, indiki vaxtda AFFA, yaxud kimsə mənə müraciət edəcəyini düşünmürəm. Mən sağlam düşüncəli insanam və nə dediyimi bilirəm. Sadəcə, Azərbaycanda işləyə bilən mütəxəssislər var. Vaqif Sadıqovu götürək. İndi “Anji”də işləyir. Bu insanlarda müəyyən təcrübə var. Onları hesabdan silmək olmaz. Əksinə, öz məşqçilərimizi işə cəlb etmək lazımdır ki, yığmaya, futbolumuza kömək etsinlər, nəsə etsinlər.

- Nəyə elə düşünürsünüz ki, sizi milli komandaya dəvət etməzlər?
- (gülür) Axı siz bilirsiniz, niyə belə şeyləri məndən soruşursunuz?

- Biz bilmirik, səbəbini sizdən eşitmək istəyirik...
- Gəlin, dərinliyə varmayaq, niyə, nə üçünü araşdırmayaq. Hamı bilir və milli komandamızda işləyəsi insanlar var. Qoy onları dəvət etsinlər. Elə götürək İsgəndər Cavadovu. O da Azərbaycan futbolu üçün müəyyən töhfəsini verməli, nəsə məsləhət etməlidir. Bunun üçün onu işə cəlb etmək lazımdır. Hər halda, İsgəndər çox şeyi bilir, böyük futbol məktəbini keçib. Onu cəlb edin də, ofisdə işləyir, masa arxasında oturub. Qoy futbolla məşğul olsun.