Azərbaycan futbolunda yeni liqa!
19.11.2011 - 13:14
Azərbaycan futbolunda yeni liqa!
Azərbaycan futbolunda yeni liqa yaradılacaq. Apasport.az saytının məlumatına görə, bu çempionat digərlərindən kəskin sürətdə fərqlənəcək.

Belə ki, peşəkar futbolla vidalaşmayanlar bu yarışda qüvvələrini sınaya bilməzlər. Yeni yaradılacaq çempionat veteranları öz ətrafında birləşdirəcək.

İşin təşkilini “Neftçi” veteranlar klubunun prezidenti Oqtay Abdullayev öz üzərinə götürüb. O, gələn ilin yazında başlanacaq turnirdə iştirak etmək məqsədi ilə bir neçə bölgəyə rəsmi müraciət də ünvanlayıb.

Abdullayev saytımıza açıqlamasında bildirib ki, ideyası iştirakı nəzərdə tutulan komandalar tərəfindən bəyənilib: “Düzünü desəm, bu fikir məndə çoxdan var. Cari ildə həmin yarışı təşkil etmək istəsəm də, alınmadı. Amma gələn il bunu keçirəcəyik. Mini meydançada təşkili nəzərdə tutulan yarışma üçün bir neçə bölgəyə müraciət etmişəm. Turnirə Qarabağ, Sumqayıt, Gəncə, Lənkəran veteranlarının qatılacağı gözlənilir”.

Qeyd edək ki, veteranlar arasında mini-futbol turnirinin oyunları çox güman ki, “Neftçi”nin köhnə bazasında baş tutacaq.