Ənənə davam edir: 10 ildən sonra və 5-ci dəfə
21.11.2011 - 13:08
Ənənə davam edir: 10 ildən sonra və 5-ci dəfə
“Qarabağ”ın Premyer Liqanın XIII turunda “İnter”lə qarşılaşması bir sıra məqamlarla yadda qalıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tərəflərin çempionatlarda 29-cü görüşü kimi tarixə düşən duelinə kimi Ağdam təmsilçisi 12 qələbə qazanmışdısa, 9 dəfə məğlub olmuşdu.

“İnter” – “Qarabağ” matçında bu dəfə qolsuz bərabərliklə qarşıdurma tarixdə 8-ci heç-heçə olub. Matçda qol vurulmaması, eyni zamanda 10 ildən sonra bir ilkin yaşanmasına səbəb olub. Belə ki, “İnter” adı ilə “Qarabağ”ın oyununda tarixində ilk dəfə qol vurulmayıb. Ümumiyyətlə, “İnter”in varisi olduğu “Xəzər Universiteti” ilə sonuncu dəfə 2000/2001 mövsümündə baş tutan oyununda qapılara yol tapılmamışdı. 2001-ci ilin martın 31-də Zabrat qəsəbə stadionundakı oyunla yanaşı, bir mövsüm öncə eyni ayda, eyni stadiondakı maçda da qol olmamışdı. Kubok matçlarını da hesaba almaqla baş tutan 35 oyunda cəmi 2 dəfə bu hal yaşanmışdısa, bir gün öncəki qarşılaşmada 3-cü oldu.

Oyunda qol vurulmasa da, “Qarabağ”ın “İnter”ə qarşı seriyası davam edir. Belə ki, komanda “bankirlər”ə qarşı məğlubiyyətsizlik seriyasını 5 oyuna çatdırdı. Düzdür, bakılılara qarşı 4 oyunluq qələbə seriyası qırıldı. Amma “Qarabağ” ardıcıl 5-ci matçda da qapısını toxunulmaz saxlaya bildi.

“İnter”lə oyunda qeydə alınan, eyni zamanda başqa ənənənin də davam etməsinin səbəbi oldu. Belə ki, “Qarabağ” 2011-ci ildə 5-ci dəfə millinin toplanışdan sonra keçirdiyi ilk oyunda xal itkisi ilə qarşılaşdı. Bu 5 qarşılaşma - “Neftçi” (0:2), “Bakı” (0:0), “Sumqayıt Şəhər” (0:0), “Rəvan” (1:1), “İnter”lə (0:0) oyunlardır.

Maraqlıdır ki, milli toplanışından sonra “Qarabağ” 2011-də cəmi bir qələbə qazanıb ki, o da məhz “İnter”lə oyuna təsadüf edib. Ötən mövsüm Premyer Liqanın XXVIII turunda Adamiyanın 76-cı dəqiqəsində penaltidən vurduğu qolla qələbə qazanmışdı.
0