Bahodir Nasimov: Hakim 90-cı yox, 10-cu dəqiqədə penalti təyin etməli idi
21.11.2011 - 14:31
Bahodir Nasimov: Hakim 90-cı yox, 10-cu dəqiqədə penalti təyin etməli idi
“Neftçi” bu mövsüm ancaq hücum və açıq futbol oynayır. “Qəbələ” öz meydanında oynamasına baxmayaraq, demək olar 90 dəqiqə müdafiəyə oturmuşdu”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Bahodir Nasimov deyib.

Premyer Liqanın hazırkı bombardiri hesabat turunda “Qəbələ” klubuna 0:1 hesablı məğlubiyyətə münasibət bildirib: “Doğrusu, “Qəbələ”nin doğma divarlar arasında belə qapalı futbol oynayacağını gözləmirdim. Bu günkü “Neftçi”nin qarşısını almaq üçün rəqiblərin yeganə yolu müdafiə futbolu oynamaqdır. Liderliyə yüksəlmək şansımızı əldən verdik. Amma çempionat mayda bitir. Çempionluq uğrunda mübarizəni davam etdiririk və itirilmiş xalların əvəzini mütləq çıxacağıq. Millidən zədəli döndüyüm üçün istənilən oyunu sərgiləyə bilmədim”.

Özbəkistanlı legioner Qəbələdəki görüşdə ədalət təmsilçisinin işi ilə bağlı da fikirlərini bildirib: “Bu görüşdəki hakimliklə bağlı çox danışırlar. Oyunun əvvəlində Flavinyodan top alarkən, rəqib futbolçunu keçmək istədim, o isə bilərəkdən əllə oynadı. Hakim 11 metrlik cərimə zərbəsi verməli idi, amma vermədi. Əslində, hakim 90-cı yox, 10-cu dəqiqədə penalti təyin etməli idi. “Neftçi”yə qarşı qərəzli mövqe göstərmək düzgün deyil”.