UEFA biabırçı səhvini düzəltdi
23.11.2011 - 11:00
UEFA biabırçı səhvini düzəltdi
Azərbaycan yığmasının da çıxış etdiyi futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi ərəfəsində xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, seçmə oyunlara vəsiqələrin müəyyənləşdiyi təsnifat mərhələsinin qruplarından birində biabırçılıq qeydə alınıb.

Gürcüstanda meydan sahibləri, Moldova və Ermənistan yığmaları öz aralarındakı bütün oyunları heç-heçə edib və autsayder Maltadan üstün olublar. Lakin ilk 2 komanda zəiflərə 10, ermənilər isə 4 qol vurublar. Moldova ilə Gürcüstanın son matçda görüşməsi isə UEFA təmsilçilərini də çaşdırıb. Belə ki, matç heç-heçə başa çatan kimi baş hakim, hakim-inspektor, UEFA nümayəndəsi kiçik yığıncaq ediblər. Onlar 5 xalı olan 3 komandadan meydanda olan hər 2-nin top fərqinin də ermənilərdən üstün, lakin bir-biri ilə eyni - 14:4 olduğunu gördüklərindən qrup qalibini müəyyənləşdirmək üçün orijinal yol tapıblar. Bu matçda penalti seriyası təyin olunub və gürcülər 6:5 hesabı ilə qalib gəliblər.

Lakin Moldova Futbol Federasiyası yarışın əsasnaməsini öyrəndikdən sonra etiraz məktubu ilə UEFA-ya müraciət edib. Məlum olub ki, oyunda iştirak edən qurum təmsilçiləri qaydalardan bixəbər imiş. Əslində, bütün göstəricilər eyni olduqda reytinqə baxılırmış. Bu üzdən də növbəti mərhələyə Moldova çıxmalı imiş. Məsələni araşdıran UEFA da artıq belə qərarını açıqlayıb.
0