AFFA təqvimə dair mövqeyini açıqladı
23.11.2011 - 12:44
AFFA təqvimə dair mövqeyini açıqladı
Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsində F qrupunun təqviminin müzakirələri zamanı Azərbaycan milli komandasının mövqeyi məlum olub. Bu haqda Lent.az-a AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.

Yığmamızın seçmə qrup mərhələsindəki rəqibləri Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburqdur. Təqvimin müzakirəsi noyabrın 25-də Lüksemburqda olacaq. Tədbirdə millimizin baş məşqçisi Berti Foqtsla birgə iştirak edəcək baş katib bildirib ki, müzakirələr zamanı 2012-ci ildə Azərbaycanda seçmə oyunların mümkün qədər az olmasını təklif edəcəklər. Bu, gələn il sentyabrın 22-dən oktyabrın 13-dək ölkəmizdə 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının keçiriləcəyi ilə əlaqədardır: “2012-ci ildə seçmə oyunlarımızdan çoxunu səfərdə keçirmək niyyətindəyik. Çünki seçmə matçlar üçün ayrılan sentyabr-oktyabr aylarında ölkəmizdə 17 yaşadək qızlar arasında dünya çempionatı olacaq. Ola bilər ki, gələn il Bakıda cəmi 1 oyun keçirək, qalan rəqiblərlə səfərdə qarşılaşaq. Ev oyunlarımızın əksəriyyətini isə 2013-cü ildə təşkil etmək istəyirik”.

“Bəs seçmə mərhələdə oyunlarınızın hansı ardıcıllıqla olmasını istərdiniz?” sualına Məmmədovun cavabı belə olub: “Bunu indi açıqlamaq istəməzdik. Təbii ki, öz strategiyamız var. Bunu müzakirələr zamanı çatdıracağıq”.

Artıq İsrail yığması seçmə mərhələyə Portuqaliya və Lüksemburq kimi bir güclü, bir zəif rəqiblə başlamaq istədiklərini bəyan edib. AFFA rəsmisi isə hesab edir ki, əsas məsələ təqvimin necə tərtib olunması yox, daha çox xal toplamaqdır: “Əlbəttə, biz də kimlərlə nə zaman oynamaq istədiyimizi deyə bilərik. Amma müzakirələrdə təkcə Azərbaycan yox, daha 5 ölkə təmsil olunacaq. Danışıqlar aparılacaq və inanıram ki, bizim üçün müsbət təqvimdə razılığa gələ biləcəyik. Bizim üçün əsas məsələ isə nəticədir”.

Məmmədov yığmamızın seçmə mərhələyə güclü rəqiblə başlamasının əleyhinə olmadıqlarını da vurğulayıb. O, 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində ilk görüşü Almaniya ilə keçirdiklərini, 1:6 hesabı ilə uduzmalarına baxmayaraq, sonda seçmə tsikli rekord göstərici olan 7 xalla başa vurduqlarını xatırladıb. İlk görüşü səfərdə və ya evdə keçirmələrinə gəldikdə, baş katib bildirib ki, bunun Azərbaycan tərəfi üçün elə bir fərqi yoxdur. Ev oyunlarının əksəriyyəti isə ötən tsikldə olduğu kimi, seçmə mərhələnin sonlarına təsadüf edə bilər.

Qeyd edək ki, 2014-cü il dünya çempionatının seçmə qrup oyunları gələn il sentyabrın 7-dən 2013-cü ilin 15 oktyabrınadək davam edəcək.