Mirbağır İsayevin köməkçisi müəyyənləşdi
23.11.2011 - 13:01
Mirbağır İsayevin köməkçisi müəyyənləşdi
“Dünən müqavilə imzaladıq. Anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun yeni baş məşqçisi Mirbağır İsayev deyib.

Mehman Allahverdiyevin istefasından sonra Gəncə təmsilçisinin “sükanı arxasına” gətirilən İsayev dünən komandasının ilk məşqini də izləyib. O, futbolçuların durumu ilə kənardan tanış olub. Bu gündən hazırlıq prosesinə özü rəhbərlik edəcəyini deyən mütəxəssis komandada psixoloji yöndə çalışmalara ehtiyac olduğunu deyib: “Məşqi kənardan izlədim. Komandaya hazırlığı əvəzedicilərin baş məşqçisi Mehman Hacıyev keçirdi. Artıq komandanı qəbul etmişəm”.

O, yaxın günlərdə hansısa qlobal dəyişikliyin edilməsinin mümkünsüzlüyünü vurğulayıb: “Futbolçuların durumu haqda indi nəsə deyə bilmərəm. Bir gündə və ya bir həftə ərzində hansısa qlobal dəyişiklik etmək mümkün deyil. Əsas futbolçularda inam hissini yaratmaqdır. Yəni, onlar “Kəpəz” adını uca tutmalı, komanda üçün oynamalıdırlar”.

Yeri gəlmişkən, baş məşqçi artıq köməkçilərindən birinin adını açıqlayıb. Belə ki, vaxtilə “Kəpəz”in formasını geyinən Ceyhun Tanrıverdiyev bundan sonra İsayevin köməkçisi olacaq: “Gəncə futbolunun yetirməsidir və onunla bir yerdə futbol oynamışam. Ceyhunu yaxşı tanıyıram. Digərinin adını isə yaxın günlərdə açıqlayacam”.

Qeyd edək ki, Mirbağır İsayev ilk dəfədir ki, Premyer Liqa klubunda baş məşqçi postunu tutur. O, buna qədər “Neftçi” və “Standard”da köməkçi-məşqçi kimi çalışıb. Baş məşqçi kimi ilk titulunu “Abşeron”un baş məşqçisi kimi qazanıb. O, komandanı məğlub olmadan I divizionun çempionu edib. Sonradan maliyyə problemləri üzündən klub fəaliyyətini dayandırmalı olub.