“Kəpəz” 11 futbolçunu birdən qovdu! - YENİLƏNİB
22.12.2011 - 16:30
“Kəpəz” 11 futbolçunu birdən qovdu! - YENİLƏNİB
“Kəpəz” klubundan uzaqlaşdırılan futbolçuların adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mirbağır İsayev qış fasiləsindən sonra xidmətində maraqlı olmayan 11 futbolçu ilə yolların ayrılmasına qərar verib. Bu, “Neftçi” ilə oyundan sonra keçirilən klubdaxili iclasda müəyyənləşib.

Komandadan gedib-getməyəcəyi maraqla gözlənilən Ceyhun Sultanovun da məsələsinə aydınlıq gəlib. Onunla yanaşı, kapitan Azər Məmmədov da heyətdə saxlanılıb. Əvəzində ilk olaraq gedən 3 futbolçuya 8-i qoşulub.

İsayevin imtina etdiyi 11 futbolçudan 5-i legionerdir. Bunlar “Qəbələ”nin sabiq üzvləri Milan Antiçlə Razvan Tarlea, Elşən Poladovun zədələnməsindən sonra əsas heyətdə möhkəmlənən qapıçı Konstantin Kolesnikov, zədə səbəbindən bir müddət oynaya bilməyən türkiyəli Muammer Erdoğdu və Anton Qaydır. Gənc mütəxəssis Renat Sultanov, Vasif Haqverdiyev, Asəf Qədiri, Vasif Əliyev, Xəyal Qarayev və Tural Abbaszadə kimi yerli oyunçularla da yolların ayrılmasını istəyib. Baş məşqçi gedənlərin yerini əsasən gənclərin hesabına dolduracaq.

Yaxın günlərdə komandanın gələcək planları, təlim-məşq toplanışının yeri və tarixi bilinəcək. "Kəpəz" yeni heyətlə yanvarın 5-də yenidən bir araya gələcək.