Zaur Əzizov: Yeni hücumçunun transferi ilə bağlı danışıqlar olub
22.12.2011 - 18:23
Zaur Əzizov: Yeni hücumçunun transferi ilə bağlı danışıqlar olub
“İndiki heyətimiz demək olar qalacaq. Ancaq futbolçularımızdan getmək istəyən olsa, buna baş məşqçi qərar verəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib. Premyer Liqada qış fasiləsinə 6-cı pillədə yollanan əyalət təmsilçisi bu gün klubdaxili iclas keçirib.

Əzizovun sözlərinə görə, az oynayan futbolçularından kimsə getmək istəsə, buna türkiyəli baş məşqçi Fatih Kavlak qərar verəcək: “Yalnız Fil Dişi Sahilindən olan hücumçu Serje Cehua ilə yollarımızı ayırmışıq. Onunla müqaviləmizdə belə bir bənd var idi ki, oyunu məşqçiləri qane edərdisə, müqavilə 1 illik uzadılacaqdır. Ancaq baş məşqçimiz Serjenin saxlanılmağına ehtiyac duymadı. Hollandiyalı müdafiəçimiz Stiv Olfersin son oyunda adının protokolda yer almamağı zədəli olmağı ilə bağlıdır. Ehtiyat qapıçımız Qrem Smitin gedişi gündəmdə deyil. Şotlandiyalı qapıçının komandamızdan getmək fikri yoxdur”.

Təbii ki, digər klublarımız kimi, “Qəbələ” də qış fasiləsində heyətini gücləndirmək fikrindədir. Baş menecer ön xəttə xüsusi diqqət yetirəcəklərini bildirib: “Təbii ki, Cehuanın gedişindən sonra hücum xəttinə transfer lazımdır və bununla bağlı axtarışlara başlamışıq. Sərəncamında görmək istədiyi futbolçuları Kavlak müəyyənləşdirir və bununla bağlı siyahını rəhbərliyə təqdim edir. Bəzi namizədlər var və ilkin danışıqlara da başlanılıb. Ancaq bunlar digər klublarla müqavilələri olan əcnəbi futbolçulardır. Təbii ki, “transfer pəncərəsi” açılan müddətdə yalnız legionerlərin yox, yerli futbolçuların da komandamıza keçidi mümkündür”.

Əzizov bugünkü toplantıda təsdiqlənən hazırlıq planlarından da danışıb: “Yanvarın 9-da Qəbələdə yığışıb, 19-a kimi orada hazırlıq keçəcəyik. Həmin gün Türkiyəyə yollanacağıq və Antalyadakı təlim-məşq toplanışımız fevralın 4-ə kimi davam edəcək. 5 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Türkiyədə turnirdə iştirak etmək variantımız var. Ancaq bu, hələ dəqiqləşməyib. Əgər orada səviyyəli rəqiblər olsa, qatılacağıq. Buna uyğun rəqiblərdə dəyişiklər ola bilər. Rəqiblərin səviyyəsinə uyğun olaraq seçim edib, yekun qərar verəcəyik”.