“Xəzər Lənkəran”ın sabiq futbolçuları komanda yoldaşı oldular
29.03.2012 - 16:57
“Xəzər Lənkəran”ın sabiq futbolçuları komanda yoldaşı oldular
“Xəzər Lənkəran”a lazım olmayan rumıniyalı futbolçu Konstantin Arbanas yenidən Moldovaya qayıdıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi bu ölkədə “transfer pəncərəsi”nin bağlanmağı ərəfəsində “Milsami-Ursidos”a keçib.

Əslində, Moldova çempionatı Konstantinə çox yaxşı tanışdır. Belə ki, o, 2010-cu ilin yayında Lənkəran klubuna keçənə kimi 4 il fasiləsiz “Şerif”də oynayıb.

Cənub klubu Arbanası 2011-ci ilin qışında transferə çıxardığı zamanı o, Moldovaya üz tutaraq, “Sfıntul George” klubunun oyunçusu sayılırdı. Ancaq Konstantin icarəyə verildiyi həmin komandada sənəd problemi üzündən rəsmi oyunda meydana çıxa bilmədi. O, qış fasiləsində “Xəzər Lənkəran”a qayıtsa da, baş məşqçi olan türkiyəli Cüneyt Biçərə lazım olmayaraq, birdəfəlik kənarlaşdırıldı.

İndi Arbanas yeni klubunda “Xəzər Lənkəran”ın rumıniyalı sabiq baş məşqçisi Mirça Rednikin digər transferi, sonradan lənkəranlılara lazım olmayan legionerlə birgə oynayacaq. Bu, ötən mövsümün qış fasiləsində gətirilən portuqaliyalı sol cinah müdafiəçisi Bruno Simaodur. Ötən mövsümün 2-ci yarısında “Xəzər Lənkəran”da çıxış edərək, çempionat bitəndən sonra kənarlaşdırılan legioner Azərbaycan kubokunun qalibi olub.

Qeyd edək ki, Konstantin “Xəzər Lənkəran”da ölkə kubokunu da nəzərə alsaq, keçirdiyi 6 ayda 14 oyunda 1 qol vurub, 1 sarı vərəqə alıb.