Ramin Musayev: Belə qalmaqalların olması, daha maraqlıdır – MÜSAHİBƏ
03.04.2012 - 17:15
Ramin Musayev: Belə qalmaqalların olması, daha maraqlıdır – MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- “İnter” AFFA və PFL-ə “Xəzər Lənkəran”la oyundakı hakim idarəçiliyindən şikayət edib. Bu haqda nə deyə bilərsiniz?
- Hazırda bununla bağlı araşdırma gedir. Məktub AFFA-nın İntizam Komitəsinə verilib. Şikayətin nə dərəcədə haqlı olmağına gəlincə, bunu 50-nin 50-yə sayıram.

- Şikayətçini hansı məsələdə haqlı, hansında haqsız sayırsınız?
- “İnter” şikayət edib ki, qapılarına təyin edilən penalti zərbəsi düzgün deyildi, yəni həmin epizodda qayda pozuntusu olmayıb. Ancaq elə özlərinin göndərdiyi video çəkilişdə aydın görünür ki, həqiqətən də 11 metrlik cərimə zərbəsi var. Hərçənd, unutmayaq ki, penalti müzakirə olunmur. Bizim reqlamentdə də yazılıb ki, 11 metrlik cərimə zərbəsi var, ya yox – müzakirə edilmir. Başqa şikayət odur ki, baş hakim Elçin Məmmədov “İnter”ə qarşı qərəzli mövqe tutub. Çempionatın sonudur, başa düşürük ki, komandaya birdən-birə 2 futbolçusunu itirmək çətindir. Ancaq biz hakimin oyunda qərəzli idarəçiliyini görmürük.

- Penalti təyin olunan epizodunda Əziz Quliyevə 2-ci sarı vərəqə göstərilərək, meydandan çıxarıldı. Həmin “sarı”nın verilməsi ağır qərar deyildi?
- Buna AFFA-nın Hakimlər Komitəsinin sədri cavab verə bilər. Əgər qanunda varsa ki, həmin epizodda sarı vərəqə verilməlidir, deməli, belə də olmalıdır. Bir də ki, hakimlik müzakirə olunmur. Hakimliklə bağlı şikayət olsa da, olmasa da, onsuz da hər bir oyundan sonra bütün epizodlar müzakirə olunur, PFL kameraları tərəfindən bütün görüntülər Hakimlər Komitəsinin rəhbərinə təqdim olunur. Hələlik qərəz aşkarlanmayıb.

- Həmin matçın sonlarında yan xətt hakimini təhqir etdiyi üçün qırmızı vərəqə alan “İnter”in gürcüstanlı müdafiəçisi Valeri Abramidze sizə yaxşı tanışdır. O, “Neftçi”də işlədiyiniz dövrdə sizin komandada oynayıb. Abramidzedən belə hərəkət gözləyirsiniz?
- Video görüntülərdə Abramidzenin hakimə yaxınlaşması görünmür. Görüntüyə baxanda, onlar arasında xeyli məsafənin olduğunu şahidi oluruq. Yaxın məsafədə Valerinin hakimə tərəf dönməyi görünmür. Abramidzenin özü mənə zəng vurmuşdu ki, mən onu təhqir eləməmişəm, söyüş söyməmişəm. Sadəcə, rus dillidir və yəqin ki, ümumi rus termini işlədir. Onlarda “sabahın xeyir” kimi xırda terminlər var və bunu işlədib. Mən belə fikirləşirəm. Hakim bunu başqa cür qəbul edə bilər. Mən hakimdə günah görmürəm, elə futbolçuda da. Bax belə.

- “İnter” qırmızı vərəqələrin ləğv olunmasını istəyir. Bunu nə dərəcədə real sayırsınız?
- Buna mən yox, Hakimlər Komitəsi baxacaq.

- Lənkərandakı oyunda baş məşqçilər Yunis Hüseynovla Kaxaber Sxadadze arasında qalmaqal olub...
- Futbolda belə şeylər olur. Mən buna adi hal kimi baxıram.

- Hər insanın bir xarakteri olduğundan, belə şeylərin qarşısını almaq çətindir...
- Fikrimcə, belə qalmaqalların olması daha maraqlıdır. Gələn oyunlarda bir-birinə qarşı daha yaxşı mübarizə apararlar, oyunu daha maraqlı edərlər. Mənə elə gəlir ki, burda azarkeşlər udurlar. Mən söz davasının olmasına yaxşı baxıram. Çünki bu halda azarkeşlər oyunlara daha çox gələrlər.

- Elə mətbuat da oyun öncəsi ajiotajın, iddialı açıqlamaların olmağında maraqlıdır. Ancaq təbii ki, bunda təhqir olmamalıdır...
- Heç kim qeyri-etik sözlər işlətməməlidir. Təhqir olmaz. Ancaq dedi-qodu həmişə olub. Dünyanın hər yerində var ki, məşqçilər, idmançılar oyundan əvvəl sonra bir-birinə söz atırlar. Sizə bir açıqlama verim: o vaxt “Neftçi”də işlədiyim zaman “Xəzər Lənkəran”la oyundan əvvəl bir açıqlama mən verirdim, birini də Tuyqun Nadirov. Guya, bir-birimizi stadionda doğrayacağıq. Bu, istər-istəməz azarkeşlərdə maraq doğururdu. Hamı da gəlirdi stadiona, azarkeşlərin sayı yetərincə olurdu.

- “Neftçi” “Qarabağ”la oyunda Bahodir Nasimovun qolunun sayılmamağından narazı qalıb. Həmin epizod haqda nə düşünürsünüz?
- Həmin oyunda baş hakim FİFA referisi Anar Salmanov idi. Mən də klubda çalışsaydım, deyərdim ki, qolumuzu saymadı. Bu mənada “Neftçi” rəhbərliyini başa düşürəm. Çünki bu günləri mən də yaşamışam. Klub istəyərdi ki, hakim qolu saysın. Ancaq FİFA hakimi yaxın bir mövqedə epizodu dəyərləndirərək, qaydalar pozuntusunu qeydə alıb və qolu saymayıb. Bu, reqlamentdə də yazılıb ki, əgər hakimin mövqeyi yaxındırsa, ona inanmaq lazımdır. Özünüz də görürsünüz ki, hakim həmin anda “yox” işarəsi verir. Hakimin mövqeyi çox yaxın idi və ona inanmalıyıq.

- “Altılıq”da ilk dövrə sona yaxınlaşır. Çempionatın belə gedişi sizi nə dərəcədə razı salır?
- Məni çox razı salır. Komandaların çempionatın sonuna yaxın bir-birinə qarşı söz davası, qələbə iddiası nə qədər çox olarsa, bu, bir o qədər yaxşı haldır. Əsas odur ki, stadionda dava düşməsin, azarkeşlər arasında nalayiq sözlər işlədilməsin. Çempionat normal qaydada davam eləsə, yaxşıdır.

Mehman SÜLEYMANOV