Millimiz tanış modeli yoxladı, ruslar jurnalistləri məşqdən çıxardı
08.04.2012 - 19:00
Millimiz tanış modeli yoxladı, ruslar jurnalistləri məşqdən çıxardı
Azərbaycan futzal yığması dünya çempionatının pley-off mərhələsində Rusiya millisi ilə cavab oyununa hazırlığı başa vurub. Apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşının məlumatına görə, matçın keçiriləcəyi Mərkəzi İdman Kompleksində yerli vaxtla saat 17:00-da başlayan son məşq 1 saat davam edib. Baş məşqçi Joze Alesio Da Silva məşqdə yetirmələri ilə müxtəlif çalışmalar üzərində işləyib ki, bunlardan ən əsası oyun planında olub. Belə ki, yığmamıza cavab matçında qalib gəlmək lazım olduğundan, qapıçısını sahə oyunçusu ilə əvəzləyib, rəqibdən 1 nəfər üstün olmağı oyun modelinə xüsusi diqqət yetirib. Məhz bu eksperiment Bakıda bizə uğur gətirdi ki, sonda 2 qolu onun sayəsində vurduq. Braziliyalı çalışdırıcımızın keçdiyi məşqə əsasən, sabahkı cavab matçında bunu daha çox istifadə edəcəyini demək olar.

Millimizin hazırlığı bitəndən sonra ruslar həmin meydançada 1 saatlıq məşq keçdilər. Ancaq bunu izləmək bizə nəsib olmadı. Çünki rəqibin məşqi qapalı olduğundan, vaş məşqçi Sergey Skoroviçin verdiyi göstərişə əsasən jurnalistlər, o cümlədən Azərbaycandan ezam olunanlar zaldan çıxarıldı.

Mehman SÜLEYMANOV, Tümen