Sürpriz rəqib - Yaponiya
23.04.2012 - 14:00
Sürpriz rəqib - Yaponiya
Azərbaycan milli komandasının yoldaşlıq görüşündə növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız mayın 23-də Yaponiya yığması ilə qüvvəsini sınayacaq. AFFA ilə Yaponiya Futbol Assosiasiyası arasında aparılmış danışıqlara əsasən, razılaşdırılan matç Şizuoka şəhərindəki “Ekopa” stadionunda keçiriləcək.

Oyunun keçirilməsi üçün bütün xərclər, o cümlədən nəqliyyat (gediş-gəliş) xərcləri Yaponiya Futbol Assosiasiyası tərəfindən ödəniləcək. 17 yaşadək qızlardan ibarət Yaponiya yığması isə bu il Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, yığmamız həmin ərəfədə sonrakı 2 oyununu da səfərdə keçirəcək. Mayın 30-da Andorra yığması ilə Frankfurtda, iyunun 5-də Belarus millisi ilə Minskdə yoldaşlıq görüşü olacaq.