Azərbaycan komandasına qarşı oynayan, qol vuran yeganə yapon futbolçu
23.04.2012 - 15:37
Azərbaycan komandasına qarşı oynayan, qol vuran yeganə yapon futbolçu
Azərbaycan milli komandasının növbəti yoldaşlıq görüşündə rəqibi olan Yaponiya yığmasının aparıcı futbolçusu Sindzi Kaqava bizlərə yaxşı tanışdır. Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sının 23 yaşlı yarımmüdafiəçisi komandamıza qarşı oynamış yeganə yapon futbolçudur. Özü də Avropanın aparıcı klublarının transfer etmək istədiyi Kaqava debütdəcə bizlərə 2 qol vurmağı bacarıb.

Həmin dubl 2010-cu ildə Avroliqanın son təsnifat mərhələsində “Qarabağ”la ilk oyunda reallaşıb. Sindzi avqustun 19-da “Siqnal İduna Park”da 4:0 hesabı ilə qalib gəldikləri matçı əvəzolunmadan keçirərək, 13 və 42-ci dəqiqələrdə vurduğu qollarla dubl edib. Oyunda hesabı açan Kaqava fasiləyə 3 dəqiqə qalmış həmin oyunda “Qarabağ”ın kapitanı olan Fərhad Vəliyevin qapısına başla yol tapıb. Fərhad həmin dövrdən fərqi daha “Qarabağ”ın əsas qapıçısı olmadığından, millimizə də cəlb edilmir. Ağdamlıların millimizdəki futbolçularından Rəşad Sadıqov, Maksim Medvedev, Rəşad Sadiqov, Vüqar Nadirov, Rauf Əliyev onda Kaqavaya qarşı oynayıb.

Sindzi avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabı ilə qalib gəldikləri cavab oyununda da əsas heyətdə meydana çıxaraq, bu dəfə fərqlənə bilməyib və 63-cü dəqiqədə əvəzlənib. “Borussiya” həmin mövsümdə Almaniya çempionluğunu qazanaraq, titulunu sona 2 tur qalmış qorumağa müvəffəq olub.

Qeyd edək ki, millimiz tarixində ilk dəfə görüşəcəyi Yaponiya yığması ilə mayın 23-də oynayacaq.

Mehman SÜLEYMANOV