“Neftçi” rəsmilərində futbol anlayışı yoxdur”
23.04.2012 - 16:10
“Neftçi” rəsmilərində futbol anlayışı yoxdur”
“Xəzər Lənkəran” – “Neftçi” matçının baş hakimi Elçin Məmmədovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XXIX turunun “Xəzər Lənkəran” - “Neftçi” oyunundakı idarəçiliyiniz müəyyən söz-söhbətə səbəb olub. Bəs siz hakimliyi necə qiymətləndirirsiniz?
- Hakimlik həmişə olduğu kimi, yüksək səviyyədə idi. Hansısa problem yoxdur.

- Problemin olmadığını desəniz də, uduzan tərəf “Neftçi” sizi qərəzli idarəçilikdə ittiham edir…
- Az əvvəl “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev yanıma gəlmişdi. Onunla söhbət etdik. Mənə dedi ki, hakimliklə bağlı hər hansı narazılıq bildirməyib. Sadəcə, jurnalistlər onun adından yazıblar. Hacıyev hətta onun adından uydurma yazan jurnalistlərin ünvanına xoşagəlməz ifadələr də işlətdi.

- “Neftçi” klubunun futbolçuları da sizi qərəzli idarəçilikdə suçlayır...
- Bilirsiz, mən futboldan futbolu bilən adamla danışıram. Onlar futbol bilirlər ki, nə isə də danışsınlar? Onlar futbol bilmədikləri üçün belə danışırlar.

- Demək istəyirsiniz ki, sizi ittiham edənlərin futboldan xəbəri yoxdur?
- Klub rəsmisi gəlib hakimə deyir ki, rəqib futbolçulara tapşır Flavinyonu vurmasınlar. O, başa düşmür ki, mən futbolçuya bunu tapşırası adam deyiləm. Mənim işim futbolçu rəqibini vurduqda qayda pozuntusunu qeydə almaqdır.

- “Neftçi” rəsmilərindən kimsə bunu sizə dedi?
- Onların vitse-prezidenti var – Tahir (Tahir Süleymanovu nəzərdə tutur - red). Özü də 35 ildir futboldadır. Belə şeylərə görə mən futbolu futbol bilən adamla danışıram.

- Böyükağa Hacıyevlə danışdığınızı dediniz. Bəs futbolçularla söhbətiniz olmayıb?
- Onların futbol anlayışı yoxdur. Bu üzdən onlarla yalnız həyatdan danışaram. Həyat haqqında söhbət edərəm. Amma futboldan yox. Çünki onlar bu haqda heç nə bilmirlər.

- Futbolçular iddia edirlər ki, 2 həftə əvvəl “İnter”in başına açdığınız oyunu indi də onlara etmisiniz?
- Bir daha deyirəm. Onlar futbolu bilməyən adamlardır və bu üzdən çox şey deyə bilərlər.