Azərbaycan kubokunda həlledici oyunları buraxmalı olanlar
24.04.2012 - 17:00
Azərbaycan kubokunda həlledici oyunları buraxmalı olanlar
Azərbaycan kuboku uğrunda sabahkı cavab yarımfinal oyunlarını bir sıra futbolçular buraxmalı olacaq. Apasport.az saytının məlumatına görə, daha çox itki “İnter”i qəbul edəcək “Neftçi”nin heyətindədir. Komandanın 3 futbolçusu – yarımmüdafiəçilər Mirhüseyn Seyidovla Rəşad Abdullayev, hücumçu Emin Mehdiyev cəzalı olduqlarından, kənarda qalacaq. Rəşadla Eminin “İnter”lə ilk matçda aldıqları sarı vərəqələr kubokun cari mövsümündə 2-ci olduğundan, cəzalı duruma düşüblər. Mirhüseyn isə hələ ötən mərhələdə “Kəpəz”lə cavab oyununda aldığı birbaşa qırmızı vərəqənin əziyyətini çəkir. Ona 2 oyunluq cəza verildiyindən, “İnter”lə hər 2 matçı buraxmalıdır.

“Neftçi”nin və Premyer Liqamızın bombardiri olan Bahodir Nasimov da “İnter”lə ilk matçda sarı vərəqə alıb. Ancaq bu, özbək hücumçunun kubokda aldığı ilk vərəqəsi olduğundan, cəzalı deyil. Sadəcə, Nasimov Premyer Liqanın ötən turunda “Xəzər Lənkəran”la səfər oyununun əvvəlində zədələnərək, əvəzlənməli oldu və sabahkı matçda iştirakı sual altındadır. Kapitan Rail Məlikov artıq xeyli vaxtdır zədə üzündən oynamır. Digər müdafiəçi - braziliyalı Alessandro Vyana Da Silvada da belə problem var.

“Qarabağ”la “Bakı” arasında ilk oyunun qəhrəmanı da sabah meydana çıxmayacaq. Söhbət Ağdam klubunun gürcü hücumçusu Georgi Adamiyadan gedir. O, paytaxtdakı səfər matçında sonradan meydana çıxıb, qələbə topunu, ilk yarımfinal mərhələsinin yeganə qolunu vurmaqla yanaşı, sarı vərəqə də aldı. Bu, Adamiyada kubokun cari mövsümündə 2-ci olduğundan, cəzalıdır. “Qarabağ”la ilk matçı bu səbəbdən buraxan “Bakı”nın kapitanı Cəmşid Məhərrəmovun isə cəza müddəti artıq bitdiyindən, Ağdamdakı oyunda komandasına kömək edə biləcək.

Qeyd edək ki, ardıcıl 2-ci mövsümdür futbolçuların kubokda və Premyer Liqamızda aldığı sarı, qırmızı vərəqələr bir-birinə şamil olunmur.