Çempionlar Liqasında görünməmiş hadisə
26.04.2012 - 13:35
Çempionlar Liqasında görünməmiş hadisə
Çempionlar Liqası (ÇL) tarixində görünməmiş hadisə yaşanacaq. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən bu adla keçirilən turnirin tarixində ilk dəfə finalda meydan sahibi oynayacaq.

Belə ki, mayın 19-da “Alyans Arena”da baş tutacaq həlledici matçın iştirakçılarından biri həmin stadionun sahibi “Bavariya” olacaq. Onun rəqibi London təmsilçisi “Çelsi”dir.

Münhenlilər ÇL Çempionlar Kuboku (ÇK) adlananda da həlledici görüşün iştirakçısı olub. Bu, artıq 9-cu dəfədir. “Bavariya” indiyədək oynadığı 8 finalın yarısında qalib gəlib. Ancaq bunlardan yalnız biri ÇL-də olub ki, bu da 11 il öncəyə təsadüf edir. “Bavariya” 2001-ci ildə “San-Siro”da “Valensiya”nı oyun sonrası penaltilər seriyasında yenəndən sonra turnirin qalibi ola bilməyib.

Halbuki, komandanın 2 il öncə buna imkanı vardı. Ancaq onda “Bavariya” “Santyaqo Bernabeu”da “İnter”ə 0:2 hesabı ilə uduzmuşdu. Maraqlıdır ki, həmin vaxt Milan klubunu Joze Mourinyo çalışdırırdı və münhenlilər portuqaliyalı mütəxəssisdən həmin məğlubiyyətin əvəzini həmin stadionunda hazırda baş məşqçisi olduğu “Real”dan çıxdı.

“Çelsi” isə tarixində 2-ci dəfədir finala çıxır. Özü də ÇL dövründə. 2008-ci ildə Moskvada “Mançester Yunayted”lə İngiltərə derbisi qolsuz bərabərliklə nəticələndi və oyun sonrası penalti zərbələrində kapitan Con Terrinin zərbəni dəqiq vurmamağı həlledici oldu. Terri bu dəfə cəza üzündən finalda iştirak etməyəcək. Ümumiyyətlə, İngiltərə təmsilçisi 19-cu, Almaniya komandası 15-ci dəfə turnirin finalında iştirak edəcək.

Qeyd edək ki, turnirin ÇK da nəzərə alınmaqla, ümumi tarixində meydan sahibi ilə bağlı sonuncu belə hadisə 1983/84 mövsümündə olub. Doğma Olimpiya stadionuna çıxan “Roma” “Liverpul”la görüşdə meydan amilindən yararlana bilməyib.

1:1 hesabı ilə nəticələn oyunda qalibi müəyyənləşdirmək üçün matç sonrası penaltilər təyin olunub və “Liverpul” 4:2 hesabı ilə qalib gəlib. Maraqlıdır ki, yenə meydan sahibinin rəqibi ingilislərdir.