Lukas Mario Horvat: Qolu mənim vurmağım elə də vacib deyil
26.04.2012 - 14:16
Lukas Mario Horvat: Qolu mənim vurmağım elə də vacib deyil
“Çox şadam ki, finala çıxdıq. Biz meydanda bütün gücümüzü qoyaraq, qələbə qazandıq”. Apasport.az-ın məlumatına görə, bu fikirləri “Bakı”nın argentinalı futbolçusu Lukas Mario Horvat klubunun saytına açıqlamasında deyib.

Qış fasiləsində transfer edilən oyun qurucusu “Qarabağ”la cavab yarımfinal oyununun qəhrəmanlarından oldu. Belə ki, “Bakı” məhz Xorvatın vurduğu qolla evdə 0:1 hesablı məğlubiyyətin əvəzini çıxaraq, cütün taleyini əlavə vaxta və oyun sonrası penaltilər seriyasına apararaq, orada finala çıxmaq vəzifəsini yerinə yetirdi. Bu zaman penaltidən də rəqibinə qol vuran Lukas daha vacib olan komandasının uğurunu sayır: “Qolu mənim vurmağım elə də vacib deyil. Elə ola bilərdi ki, qolu mən yox, komanda yoldaşım vurardı. Əsas komandamızın uğur qazanmağıdır ki, buna da nail olduq”.