“Barselona” klubunun yeni baş məşqçisi bəlli oldu
27.04.2012 - 16:35
“Barselona” klubunun yeni baş məşqçisi bəlli oldu
“Barselona”nın yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının (ÇL) son qalibini bu ilin iyunundan Tito Vilanovanın çalışdıracağı açıqlanıb. O, müqaviləsi mövsümün sonunda bitərək, postunu tərk etməyə qərar verən Xosep Qvardiolanın köməkçisi olub. “Barsa”nın prezidenti Sandro Rossel də Qvardiolanın cari mövsüm bitəndən sonra vəzifəsindən gedəcəyini rəsmən açıqlayıb. Onun yerinə namizədlər tanınmış məşqçilər oduğunu nəzərə alsaq, bu təyinat gözlənilməz sayılmalıdır.

Vilanova Qvardiolanın “Barsa”ya rəhbərlik etdiyi 4 ildə onun köməkçisi olub. İspan çalışdırıcı həmkarına bu müddətdə 13 mükafat qazanmaqda yardımçı olub. Vilanova isə “Real”ın baş məşqçisi Joze Mourinyo ilə ötən mövsüm ÇL-nin “Nou Kamp”da keçirilən cavab oyununda insidentdən sonra məşhurlaşdı. Onda portuqaliyalı mütəxəssis barmağını həmkarının gözünə soxmuşdu. Bu, Mourinyoya İspaniya Futbol Federasiyası tərəfindən 2 oyunluq cəzaya və 600 avroya başa gəlib.