Samir Abasov: Üzümü AFFA rəhbərliyinə tutub deyirəm ki...
30.04.2012 - 15:02
Samir Abasov: Üzümü AFFA rəhbərliyinə tutub deyirəm ki...
“Premyer Liqada yerimizi qorumağımız Allahım ümidinə qalıb. Ümidimizi itirməsək də, reallığı unutmaq olmaz”. Bu sözləri apasport.az saytına “Sumqayıt”ın müdafiəçisi Samir Abasov deyib.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Sumqayıt” “Turan”la görüşdə hesabı açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. Bununla da debütant özündən üst sırada yer alan Tovuz təmsilçisi ilə xal fərqini azaltmaq şansını əldən verib. Oyun haqda danışan təcrübəli futbolçu qapılarına təyin edilən penaltinin haqlı olduğunu vurğulayıb: “Qapımıza təyin edilən penalti zamanı qayda pozuntusu var idi. “Turan” da heç-heçə üçün oynamırdı. Biz sadəcə, təcrübəsizlikdən çoxlu xallar itirmişik. Bu da onlardan biri oldu”.

Yığmanın sabiq müdafiəçisi AFFA rəhbərliyinə də müraciət edib. O, komandanın Premyer Liqada saxlanılmasının önəmli olduğunu qeyd edib: “Qarşıdakı 2 oyunda qələbə qazanmağa çalışacağıq. Amma bunun yerimizi qorumağa bəs edib-etməyəcəyini deyə bilmərəm. AFFA rəhbərliyinə üzümü tutub deyirəm ki, bu məsələyə yenidən baxsınlar. Komandanın üzvlərinin hamısı aşağıyaşlı yığmalarımızda çıxış edir. Hətta aralarında artıranlar var ki, bu gün əsas millinin formasını geyinir. Buna görə də komandanı saxlamaq lazımdır”.

Abasov qarşıdakı turda məsələnin rəsmiləşəcəyinə əmindir: “Sumqayıt” gənclərdən qurulub. Heç kim təminat vermir ki, çıxıb rəqiblərimizi darmadağın edəcəyik. Qarşıdakı turda hər şey dəqiqləşəcək”.

Gələcək karyerası barədə də danışan təcrübəli futbolçu I divizionda oynamayacağını deyib: “Çox istərdim ki, “Sumqayıt” Premyer Liqada qalsın. Komanda I diviziona yuvarlansa, orada oynamayacam. Başqa klublardan təklif olsa, dəyərləndirəcəm, əks təqdirdə karyeramı bitirəcəm”.