“Qaradağ Lökbatan” Premyer Liqaya buraxılmadı
30.04.2012 - 17:09
“Qaradağ Lökbatan” Premyer Liqaya buraxılmadı
Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının (Birinci İnstansiya Orqanı) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 15 klubun (7 UEFA klub yarlşlarında, 8 isə Premyer Liqa klub yarlşlarında) sənədlərinə baxılıb. İlkin olaraq məlumat verilib ki, lisenziyalaşdırma prosesində "Karvan" FK AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edərək Lisenziyalaşdırma prosesindən rəsmi imtina etmişdir. Bununla əlaqədar olaraq Lisenziyalaşdırma Komissiyasında "Karvan" FK-nın lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.

Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. 2012-2013 UEFA klub yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdakı klublara lisenziya verilsin (ƏSAS: UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 9-cu maddəsinin 13-cü bəndi (versiya 4.0):
AZAL FK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" FK, "İnter" PİK, "Neftci" PFK, "Xəzər-Lənkəran" FK

2. 2012-2013 Azərbaycan Premyer Liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdakı klublara lisenziya verilsin (ƏSAS: Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndi (versiya 3.0):
"Rəvan" FK, "Kəpəz" FK, "Simurq" FK, "Sumqayıt" FK, "Turan" PFK

3. Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndinin (versiya 3.0) D-yarımbəndinə uyğun olaraq "Qaradağ-Lökbatan" və "Bakılı" FK- nın 2012-2013 Azərbaycan futbol Premyer Liqasında iştirak etməklə bağlı müraciətləri təmin olunmasın.

4. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10-gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, “Qaradağ Lökbatan” I divizionun qalibi kimi Premyer Liqaya vəsiqə qazanıb.

Mənbə: affa.az