“Avrokuboklara kənardan baxmaq çox ağırdı”
01.05.2012 - 17:12
“Avrokuboklara kənardan baxmaq çox ağırdı”
“Qarabağ” klubunun kapitanı Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

- Komandanız ardıcıl 3 məğlubiyyət nəticəsində turnir cədvəlində 4-cü pilləyə düşdü. Nəticədə avrokuboklara düşmək işini çətinləşdirdiniz. Qalan 2 oyunda mütləq qalib gəlməlisiniz ki, bu mənada qarşıdakı turda əsas rəqibiniz “İnter”lə ev oyunu həlledici olacaq....
- Həqiqətən də son 3 turda çox şey itirdik. Ola bilər ki, qədərimiz bura kimidir. Buna baxmayaraq, ruhdan düşmürük. İnşallah, “İnter”lə oyunda qələbə qazanıb, avrokuboklara düşmək uğrunda mübarizəni davam etdirməyə çalışacağıq. Hazırda 4-cü pillədə olsaq da, “İnter”ə qalib gəlsək, 3-cü yerə yüksələcəyik. Bu zaman yenə Avroliqaya çıxmaq şansımız artır. Çalışacağıq ki, buna nail olmaq üçün əlimizdən gələni edək. “İnter”lə matçda son 3 turda aldığımız acı məğlubiyyətləri unutdurmağa çalışacağıq.

- Sizi son turda 2 çətin qarşılaşma gözləyir. “İnter”ə qalib gəlmək vəzifənin yarısını yerinə yetirmək deməkdir. Çünki bundan sonra “Xəzər Lənkəran”ı səfərdə yenməlisiniz ki, bu da asan məsələ deyil...
- Düzdür. Ancaq “Xəzər Lənkəran”la oyun haqda doğrudan hələ fikirləşmirik. Çünki bunadək qarşımızda çox güclü rəqib var. “İnter”in müdafiə xəttini yarmaq çox çətindir. Təsadüfi deyil ki, çempionatımızda az top buraxan komandadır. Çalışacağıq ki, ilk növbədə “İnter” üzərində qələbə qazanaq.

- Komandanız “Qəbələ” ilə səfər matçınadək uzun müddət məğlubiyyətsiz seriyaya malik idi. Bundan sonra Ağdamda “Bakı”ya 2 məğlubiyyət – həm çempionatda, həm də kubokda həlledici oldu. Nə baş verdi ki, “Qarabağ” “uğursuzluq zolağı”na düşdü?
- Açığı, bilmirəm. Onu deyə bilərəm ki, Qəbələdəki məğlubiyyət həqiqətən bizə çox təsir elədi. Həmin oyunda hər 2 hissədə çoxlu yüz faizli qol imkanlarımız oldu. Rəqib bizi əks-hücumda yaxalayaraq, 1 qol epizodunu dəyərləndirdi. Deyərdim ki, bəlkə də bu, komandamızda ruh düşkünlüyə səbəb oldu. Sonrakı məğlubiyyətlərimiz də “Qəbələ” ilə matçın ardından gəldi. Çünki həmin oyunda çox ciddi, yaxşı hazırlaşmışdıq və qalib gəlmək istəyirdik. Buna nail olsaydıq, çempionluq uğrunda mübarizəmizi davam etdirəcəkdik. Açığı, bu məğlubiyyətdən sonra komanda dəyişdi.

- Kubokda finala çıxsaydınız, artıq Avroliqaya vəsiqə qazanmışdınız. Çünki finaldakı rəqib çempion “Neftçi” olduğundan, kubokun qaydaları buna imkan verir. Ancaq “Bakı” ilə oyun sonrası penaltilər seriyasında uduzdunuz ki, zərbəni dəqiq vura bilməyən yeganə futbolçu məhz siz oldunuz...
- Həmin anda çox çətin oldu. Çünki penalti lotereya bir şeydir və ondan dəqiq istifadə etmək çətindir. Üzülürəm ki, 11 metrlik zərbəni qaçırdım. Deyərdim ki, bəlkə bununla komandamız avrokuboklardan məhrum oldu. Ancaq özümüzü elə də üzmürük. Çünki hələ 2 oyunumuz var və Avroliqaya vəsiqəni bunlarda həll etməyə çalışacağıq.

- Həmin penaltini vura bilməməyə görə kapitan kimi məsuliyyəti öz üzərinizə götürdünüzmü? Avropadan kənarda qalsanız, daha çox özünüzü günahlandıracaqsınızmı?
- Əlbəttə, finala çıxmaq şansımızı əldən verməyə görə üzülürəm. Ancaq bu, futboldur, hər şey ola bilər. Sadəcə, finala çıxmaq qismətimizdə yox idi. İndi bu uğursuzluğu başımızdan atıb, qarşıdakı oyunlara köklənməliyik. Son 2 oyunumuzda yaxşı nəticə qazanmaq istəyirik.

- Son vaxtlar öz oyunundan nə dərəcə razı qalmısınız? Kapitan olsanız da, bəzən əsas heyətdən kənarda qaldınız...
- Həqiqətən həm zədəm, həm də 3 gündən bir oyun olanda, yükləmələr çox olurdu. Bu zaman istər-istəməz yorğunluq yaranır. Buna görə də baş məşqçimiz Qurban Qurbanov bəzən istirahət verərək, mənə ehtiyatda saxlayırdı. Orta sahə də elədir ki, həm arxaya, həm də hücuma, yəni 2 tərəfli kömək etməlisən. Ən çox güc bizə düşür. Bu, 2-3 oyun dalbadal keçirəndən sonra özünü büruzə verirdi. Adam öz-özlüyündə hiss edirdi ki, 30, 45 dəqiqə keçəndən sonra istər-istəməz yorğunluq gələcək və həmin effekt verə, komandaya kömək edə bilməyəcəksən. Ona görə baş məşqçi ilə məsləhətləşmədən sonra belə qərara gəldi ki, məni 2-ci hissədə meydana buraxsın. Bu zaman gücün daha çox olur və komandanın oyununu yaxşılaşdıra bilirsən.

- “Qarabağ”ın çempionluq şansı olsa da, adətən mövsümün sonunda həlledici oyunlarda büdrəyir. Bunu nə ilə əlaqələndirirsiniz? Millidə də çoxlu futbolçunuz olduğundan, yüklənməyə görə?
- Yüklənmə deməzdim. Bilmirəm, çox adam inanar, ya yox, açığı, 3 ildir avrokuboklarda oynadığımızdan, çox istirahət etmirik. Hər çempionat qurtaran kimi avrokuboklar tez başladığından, ilk mərhələdə oynadığımızdan, 10 gündən sonra hazırlığa, təlim-məşq toplanışına başlamalı oluruq. Buna görə komandanın dincəlməyə az vaxtı olurdu, tez yüklənirdik. Çempionatdan dərhal sonra məşqlərə başlamalı olduğumuzdan, mövsümün sonunda komandaya yorğunluq gəlməli idi. Bunun gələcəyi əvvəldən bilinirdi. Sadəcə, istəyirdik ki, yaxşı nəticə qazanaraq, bunu sığortalayaq. Ancaq indi çətin vəziyyətə düşmüşük.

- “Qarabağ” avrokuboklardan kənarda qalsa, istirahətə daha çox vaxtınız olacaq. Ancaq təbii ki, bunu arzulamazsınız...
- Açığı, bunu arzulamırıq, heç istəməzdik. Avrokuboklardan kənarda qalmaq çox ağırdı, bizə çox pis təsir edəcək. O ab-havanı bir daha yaşamaq istəyirik. 3 ildir bunu yaşayırıq və yenidən ona nail olub, futbolsevərlərimizi sevindirmək istəyirik. Biz futbolçular bunu çox arzulayırıq. Hamımız ona çalışırıq ki, Avropaya çıxıb, orada nəsə eləyək, Azərbaycan xalqını ən azından bir az da olsa sevindirə bilək. Açığı, daha çox avrokuboklarda yaxşı nəticə göstərməyə çalışırıq, bunun üçün əlimizdən gələni edirik. İnşallah, bu il də avrokuboklara düşək, yenə nəsə eləməyə çalışacağıq.

- “Qarabağ”sız avrokubokları necə təsəvvür edirsiniz?
- Açığı, avrokuboklara kənardan baxmaq doğrudan çox çətin olacaq. Ancaq istəyərdik ki, biz düşməsək, başqa klublarımız yaxşı nəticə göstərsin. Çünki hər göstərilən nəticə ölkəmizin reytinqinə gedir. Azərbaycanın Avropada reytinqi yüksəlsə, komandamız mübarizəyə dərhal yox, 2-ci mərhələdən başlayacaq. Reytinqin yüksək olanda, rəqiblər də yüngülləşəcək. Hər klubumuz reytinq xalı yığdıqsa, gələn il özündən zəif rəqiblə düşəcək. Ola bilər ki, buna görə getdikcə qrup mərhələsinə düşmək şansın artsın. İnşallah, başqa komandalarımız da yaxşı reytinq yığsın. Necə ki “Qarabağ”ın Avropada reytinqi yaxşı olduğuna görə ilk turda özümüzdən zəif rəqiblə düşürük və deyərdim ki, ilk mərhələni keçmək asan olur.

- Təsəvvür edək ki, “Qarabağ” Avroliqaya düşə bilmədi və ora çıxan klublarımız avrokuboklarda uğursuzluğa düçar oldu. Bu, komandanızın reytinqini qaldıracaqmı?
- İstəməzdik ki, klublarımız mərhələ adlaya bilməsin və bu yolla reytinqimiz yüksəlsin. Avrokuboklarda mərhələ keçməmək Azərbaycan futboluna doğrudan çox pis təsir edəcək. Buna görə də bütün klublarımıza mərhələ keçib, azarkeşlərimizi sevindirməyi arzulayıram.