Rəşad Sadıqov: Hələ təklif almamışam, olsa, baxarıq
04.05.2012 - 16:31
Rəşad Sadıqov: Hələ təklif almamışam, olsa, baxarıq
“Cari mövsümdə nəticədən asılı olmayaraq, komandadan getmək fikrim yoxdur”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.

Milli komandamızın kapitanı indiyədək 3 müxtəlif vaxtda Türkiyədə, özü də Superliqada klublarında – “Kayserispor”, “Kocaelispor” və “Əskişəhərspor”da forma geyinib.

Hazırda turnir cədvəlində 4-cü yerdə qərarlaşan “Qarabağ”ın avrokuboklara düşməmək təhlükəsi var. Bu səbəbdən Rəşadın komandadan ayrılıb, yenidən Türkiyəyə yollanacağı bildirilir.

Ancaq Sadıqov belə fikirdə olmadığını söyləyib: “Hazırda bütün diqqətimi mövsümdə son 2 oyunumuza yönəltmişəm. Avroliqaya düşməyimiz bu matçlarda həll olunacaq. Türkiyə, yaxud başqa xarici ölkədən təklif almamışam. Təklif olsa, baxarıq. Mənim “Qarabağ”la hələ 1 illik müqaviləm var. Üstəlik, hazırda “transfer pəncərəsi” də açıq deyil”.