Yunis Hüseynov: Bu xəbərlərin hamısı yalandı - MÜSAHİBƏ
22.05.2012 - 14:48
Yunis Hüseynov: Bu xəbərlərin hamısı yalandı - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- Komandaya yeni futbolçuların gəlişi ilə bağlı məsələ nə yerdədir?
- Hələlik yeni futbolçu götürməmişik. Ümumiyyətlə, heyətimizdə dəyişiklik yoxdur.

- Braziliyalı yarımmüdafiəçi Rikardo Qomeşlə də yollarını ayırdığınız deyilir...
- Yox, bu, doğru deyil. Bu xəbərlərin hamısı yalandır.

- Daha çox ehtiyatda qalan Şəhriyar Xəlilovla Zahid Quliyevi başqa kluba icarəyə vermək haqda düşünürsünüz?
- İndi bu haqda dəqiq bir şey deyə bilmərəm. Ümumiyyətlə, komandadan gedən futbolçuların adlarını sonra açıqlayacağam.

- Yeni futbolçuların düşərgənizə gəlişi nə vaxta nəzərdə tutulub?
- Hələ axtarışdayıq. Biz iyunun 5-də Avstriyaya təlim-məşq toplanışına yollanacağıq. Yenilər ora gələcək.

- Neçə nəfər olacaq?
- 3-4 futbolçu istəyirik. Həmin legionerlər baxışa gələcəklər. Bilirsiniz ki, mən futbolçuya baxmamış komandaya götürmürəm. Avstriya toplanışında baxışda olacaq əcnəbilərə baxandan sonra qərarımı verəcəyəm.

- Onların kimlər, hansı ölkədən olacağı müəyyənləşibmi?
- Yox. Bizə müəyyən mövqelərə yeni futbolçular lazımdır. Buna uyğun olan legionerləri baxışdan keçirəcəyik.

- Hansı mövqeni gücləndirmək fikrindəsiniz?
- Orta sahə və hücuma yeni futbolçular götürmək istəyirəm.

- Bəs yerli transferlər olacaq?
- Bu da nəzərdə tutulub və danışıqların nəticəsindən asılı olacaq. Danışığımız baş tutsa, bizimlə birgə Avstriyaya gedəcəklər.

- Milli komandamızın üzvü Mahir Şükürovun məsələsinə tam aydınlıq gəldi?
- Bəli. Onun komandamıza keçidi alınmadı və məsələyə nöqtə qoyuldu.

- Öz legionerləriniz birbaşa Avstriyaya gələcəklər?
- Yox. Onlar da bura gələcək. İyunun 5-də Bakıda yığışıb, birgə səfərə çıxacağıq.

- Avstriya toplanışınız nə vaxta kimi olacaq?
- İyunun 29-dək. Ancaq orada nə qədər qalacağımız püşkatmanın nəticəsindən sonra bilinəcək. Əgər püşkə görə ilk oyunu Lənkəranda keçirsək, 29-da qayıdacağıq. Yox, əgər ilk matçı səfərdə keçirməli olsaq, Avstriyada bir qədər də qalıb, oradan birbaşa rəqibimizin ölkəsinə yollanacağıq.

- Yeri gəlmişkən, “Xəzər Lənkəran” püşkdə zəif kluba düşəcək və bu, mərhələ adlamaq şansınızı artırır...
- Avrokuboklarda zəif komanda olmur. Bura çıxıbsa, deməli, zəif deyil. Buna görə mərhələ adlamaq üçün ciddi hazırlaşmalıyıq. Kim düşəcəksə, onunla da oynamalıyıq.

- Avstriyada necə yoxlama oyunu keçirəcəksiniz?
- 5 oyun nəzərdə tutmuşuq. Artıq tarixləri də vermişik və buna uyğun rəqiblər seçiləcək.

- Hansı tarixlərdir?
- İyunun 15-i, 18-i, 21, 24-ü və 27-si.

Mehman SÜLEYMANOV